"Həyatımda yəqin ki, çox şey dəyişib. Nazir olanda 24 saat, 7 gün işləyirdim. İndi isə mən istirahət edirəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Qafqazinfo”ya müsahibəsində deyib.
Keçmiş nazir dünyada baş verənlərə tamaşa etdiyini, məsləhətlər verdiyini bildirib: "Siyasətlə vidalaşmamışam. Baş verənlər barədə zəng edib, fikrimi soruşurlar. Mən də fikirlərimi bölüşürəm. Bir ildən çoxdur ki, evdə oturub dünyaya tamaşa edirəm".
Məmmədyarov hazırda idmanla məşğul olduğunu da deyib: "Əməlli-başlı idmanla məşğul oluram. İdmanı sevirəm. Arıqlamışam, özümü yaxşı hiss edirəm. Əvvəllər qrafikim çox gərgin idi, gecə-gündüz xaricdə, ya da təyyarədə səyahət edirdim. Lakin indi belə bir iş qrafikim yoxdur. Hərdən bir siyasi yazılar yazıram, pozuram. Bunu necə davam etdirəcəyimi fikirləşirəm".
Uşaqlıqdan futbola böyük sevgisinin olduğunu deyən E.Məmmədyarov bir futbol oyununu belə buraxmadığını bildirib. Dediyinə görə, həm milli komandanın, həm də “Qarabağ” və ya “Neftçi” klubları beynəlxalq turnirlərdə iştirak edəndə o oyunlara həmişə gedir.
Bir ara səhhətidə problemlərin olması ilə bağlı yayılan xəbərlərə gəlincə, sabiq nazir: "Yox, naoborot. Hər şey qaydasındadır. Gündə ən azı bir saatdan, üç saata qədər idmanla məşğul oluram. Təsəvvür elə səhhətim pisdir...", - cavabını verib.