NATO rəhbərliyi Asiya-Sakit Okean regionu (APR) ölkələri ilə əlaqələri gücləndirmək kursunu davam etdirərək, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya liderlərini alyansın iyun sammitinə dəvət etmək niyyətindədir.
Bakıvaxtı.az "NHK" telekanalına istinadən xəbər verir ki, iyunun 24 və 25-də Haaqada keçiriləcək sammit zamanı NATO-nun Asiyadakı tərəfdaşları ilə ayrıca görüşlərin keçirilməyəcəyi gözlənilir. Lakin NATO-nun baş katibi Mark Rutte bu ölkələrin liderləri ilə görüşə bilər.
Alyans Qərbin təhdid hesab etdiyi iqtisadiyyat və təhlükəsizlik sahələrində Rusiya və Çin arasında münasibətlərin möhkəmlənməsi fonunda Asiya-Sakit okean regionu ilə əlaqələri daha da inkişaf etdirməyi planlaşdırır.
Qeyd edək ki, Rusiyaya qarşı məhdudlaşdırıcı təsir göstərmək üçün NATO üç il əvvəl ABŞ-nin əvvəlki prezidenti Co Baydenin administrasiyasının təşəbbüsü ilə Asiya-Sakit Okean regionundan tərəfdaş ölkələrin liderlərini sammitlərə dəvət etməyə başlayıb.
Gülşən Şərif