• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

“Ağ-qaralar” nə vaxt ağ günə çıxacaq?

İDMAN

10 Oktyabr 2024 | 11:35 | Müəllif: Əli Hüseynov

“Ağ-qaralar” nə vaxt ağ günə çıxacaq?

Ölkəmizin ən köklü futbol klublarından olan "Neftçi"nin acınacaqlı taleyi həm Azərbaycan futbol cameəsini, həm də azarkeşləri yetəri qədər məyus edir.

Son illər ərzində komandada həyata keçirilən uğursuz islahatlar və "rebrendinq" siyasəti müsbət təsirin əksini göstərir. Bu da təbii olaraq, "Neftçi" fanatları arasında narazılıq və problemlərə səbəb olur. Onsuz da yetəri qədər kədərli günlər keçirən "ağ-qaralar" artıq öz sevənləri arasında olan mövqeyini də itirməyə başlayıb. Belə halda son 2 mövsüm ərzində müxtəlif baş məşqçilərin komandaya cəlb edilməsi və son hədd olaraq ukraynalı mütəxəssis Roman Qriqorçukun da "Azərbaycan flaqmanı"ndan getməsi böyük suallar doğrurur.

Bu suallardan ən əsası və ağrılısı isə belədir: "Neftçi" nin "qara" taleyi nə vaxt "ağ günə” çıxacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən futbol mütəxəssisi Ceyhun Məmmədov bildirib ki, Qriqorçukun "Neftçi"dəki fəaliyyəti müəyyən çətinliklərlə yadda qalıb:

"Onun istefası bir çox sual doğurur. Klubdakı vəziyyətə nəzərən Qriqorçukun komandadakı performansı və oyun tərzi üzərindəki tənqidləri artmaqda idi. Onun futbol fəlsəfəsi bəzən azarkeşlərin gözləntilərini tam olaraq qarşılamırdı. İstehza, taktiki qərarlar, oyunçuların inkişafı və xüsusilə yerli istedadların komandaya inteqrasiyası məsələlərindəki boşluqlar onun istefasını qaçılmaz etdi".

Ceyhun Məmmədov: Rəhbərliyə komandanın qayğısına qalacaq mütəxəssis gətirilməlidir

Onun sözlərinə görə, baş verənlər sözügedən klubda ilk dəfə olmur.

"Yaxın 3 ildir ki, "Neftçi" eyni strategiyadan istifadə edir. Mövsumun əvvəlində başqa məşqçi ilə müqavilə imzalayır, sezon isə tam fərqli mütəxəssislə yekunlaşdırılır. Düşünürəm ki, klubdakı əsas problem klubun məşqçi heyətindən qaynaqlanmır. Ümumiyyətlə, "ağ-qaralar"da vəziyyətin düzəlməyini istəyirlərsə, komanda heyətinin qayğısına qalacaq, onları dinləyəcək və problemləri həll edəcək şəxs bu köklü klubun rəhbərliyinə qatılmalıdır",- Ceyhun Məmmədov fikrini yekunlaşdırıb.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR