İsrail Qəzzada müharibənin bitməsinə gətirib çıxarmalı olan razılaşmanın növbəti mərhələsini müzakirə etməyə hazırdır. Lakin bunun üçün Fələstinin HƏMAS hərəkatı silahlarını yerə qoymalı və anklavı tərk etməlidir.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib.
"Guya biz final mərhələsini müzakirə etməyə hazır deyilik. Bu doğru deyil. Biz hazırıq. HƏMAS silahlarını yerə qoyacaq, liderlərinə zolağı tərk etməyə icazə veriləcək, biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcəyik. Bu, bizim planımızdır. Bunu gizlətmirik və hər an müzakirə etməyə hazırıq", - Netanyahu bildirib.
Baş nazir həmçinin qeyd edib ki, İsrail Qəzza zolağından girovları atəşkəs olmadan azad etmək üçün vasitəçilərin iştirakı ilə danışıqları davam etdirir.
"Hərbi təzyiq işləyir. Bu, iki istiqamətdə eyni vaxtda tətbiq olunduğu üçün nəticə verir: bir tərəfdən HƏMAS-ın hərbi və inzibati potensialını məhv edir, digər tərəfdən isə girovlarımızın azad edilməsinə şərait yaradır. Biz məhz bunu edirik", - Netanyahu vurğulayıb.
Baş nazirin sözlərinə görə, bir gün əvvəl İsrail hərbi-siyasi kabineti girovların azad edilməsi üçün daha da optimal şərait yaratmaq məqsədilə HƏMAS-a hərbi təzyiqi artırmaq qərarına gəlib.