İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Seçkiyə sayılı həftələr qalmış ölkədə əsas müzakirə mövzularından biri də Netanyahunun yenidən hökumət formalaşdırmaq şanslarıdır.
Politoloq Natiq Miri seçkiqabağı vəziyyəti Bakıvaxtı.az-a şərh edərkən Netanyahunun əsasən təhlükəsizlik məsələləri üzərindən seçicilərin qorxu hisslərinə təsir etməyə çalışdığını bildirib.

Natiq Miri: Yəhudilər reallıqları nəzərə alıb adekvat səs versələr, Netanyahu üçün siyasi karyera başa çata bilər
Politoloqun sözlərinə görə, təhlükəsizlik məsələsi gündəmə gələndə cəmiyyətdə özünümüdafiə hissi güclənir və Netanyahu da bu amildən siyasi məqsədləri üçün istifadə edir:
“Netanyahu növbəti parlament seçkiləri ərəfəsində daha çox xalqın qorxu hissləri ilə oynayır. Çünki bu, sınaqdan keçirilmiş bir üsuldur. Təhlükəsizlik məsələsi gündəmdə olanda hər kəsdə özünü müdafiə hissi üzə çıxır.
Fikir verirsinizsə, İsrail üçün potensial təhlükələri ön plana çıxararaq müxtəlif istiqamətlərdə hərbi əməliyyatları davam etdirir. Bir tərəfdə Suriya, digər tərəfdə Qəzza, başqa bir istiqamətdə isə Livanda hərbi əməliyyatlar həyata keçirilir. Eyni zamanda İran məsələsini də ciddi şəkildə gündəmdə saxlayır. Çünki İran İsrail üçün ən böyük potensial təhlükə yaradan məsələdir.
Ən azı son iki hərbi qarşıdurmada İranın ballistik raketlərinin İsrail ərazisində yaratdığı dağıntılar İsrail əhalisinə məlumdur. Buna görə də Netanyahu əsasən bu qorxu notları üzərində öz siyasətini qurur. Bunların hamısı əsasən daxili auditoriya üçün hesablanmış hadisələr və siyasətdir".

Analitik vurğulayıb ki, Netanyahu hakimiyyətdə olduğu dövrdə həyata keçirilən bütün hərbi əməliyyatlara baxmayaraq, elan etdiyi hədəflərin heç birinə tam şəkildə nail ola bilməyib:
"İranda nüvə məsələsi birmənalı şəkildə həll olunmayıb və potensial təhlükə olaraq qalır. Eyni zamanda, İranın ballistik raket proqramının inkişafını dayandıra bilməyib, raketlərin mənzilinin və dağıdıcı gücünün artırılmasının qarşısını ala bilməyib. Həmçinin İranda hakimiyyət dəyişikliyinə də nail ola bilməyib.
Yəni iki hərbi qarşıdurmadan sonra da İsrail heç də təhlükəsiz deyil. Eyni zamanda, İranın proksi qüvvələri də tamamilə məhv edilməyib və zərərsizləşdirilməyib. İran bu qüvvələri maliyyələşdirməkdən imtina etməyib.
Livanda “Hizbullah” hələ də silahsızlaşdırılmayıb və İsrail sərhədləri yaxınlığında ciddi potensial təhlükə olaraq qalır.
Qəzza məsələsi də Netanyahunun elan etdiyi kimi həll olunmayıb. Artıq üç ildir ki, İsrail Qəzzada HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir. Buna baxmayaraq, HƏMAS tamamilə zərərsizləşdirilməyib və silahsızlaşdırılmayıb.
Beləliklə, İsrailin hərbi əməliyyatlar həyata keçirdiyi əsas istiqamətlərin heç birində elan olunmuş hədəflərə tam şəkildə nail olunmayıb. Bu da birbaşa Netanyahu siyasətinin uğursuzluğunun göstəricisidir.
Əgər yəhudilər seçkiyə gedərək bu reallıqları nəzərə alıb adekvat səs versələr, Netanyahu üçün siyasi karyera başa çata bilər. Çünki onun haqqında cinayət işi də var və hakimiyyətdə olduğu, hərbi əməliyyatların davam etdiyi müddətdə bu məsələlər müəyyən qədər ikinci plana keçib".
Eskpertin qənaətincə, Netanyahu bu seçkiyə həyati məsələ kimi baxır. Ancaq onun məğlub olmaq ehtimalı da kifayət qədər böyükdür:
"Çünki bütün maliyyə, fiziki və insan itkilərinə baxmayaraq, Netanyahu bu illər ərzində hərbi-siyasi hədəflərinin heç birinə nail ola bilməyibsə və eyni zamanda təhlükə kimi göstərdiyi qüvvələr yenə də mövcuddursa, bu, Netanyahu siyasətinin tam fiaskosu deməkdir. Perspektivsiz siyasəti davam etdirən baş nazirə növbəti illər üçün mandat vermək, düşünürəm ki, xalq adına doğru qərar olmazdı. Ona görə də mən Netanyahunun məğlubiyyətini gözləyirəm və düşünürəm ki, yəhudi xalqı gələcək perspektivini müəyyənləşdirəcək və doğru qərarlar verə biləcək ağla və şüura malikdir”.
Günəş Mərd
















