Azərbaycan Respublikasında fəxri adlar ölkədə fərdi şəxslərin xüsusi xidmətlərinin, elmi, ədəbi-bədii, ictimai-siyasi və digər sahələrdə əldə etdikləri yaradıcılıq uğurlarının, həmçinin cəmiyyətə göstərdikləri faydalı fəaliyyətin yüksək qiymətləndirilməsi və rəsmi şəkildə tanınması məqsədilə təsis edilmiş mükafat formasıdır.
Fəxri adların verilməsi ənənəsi həm Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinə əsaslanır, həm də müasir dövrdə ölkədə vətəndaşların zəhmətini, bacarığını və xidmətini stimullaşdırmaq üçün mühüm institut kimi qəbul edilir.
Bu sistemin əsas məqsədi vətəndaşların fərdi töhfələrinin dövlət səviyyəsində tanınması, onların peşəkarlıq səviyyəsinin artırılması, ictimai nüfuzunun yüksəldilməsi və cəmiyyət qarşısında nümunəvi şəxsiyyət kimi göstərilməsidir. Fəxri adlar həmçinin vətəndaşların ölkənin inkişafına verdikləri töhfəni təşviq edir, onların gələcək fəaliyyətləri üçün əlavə stimul yaradır.
Fəxri adların təsis edilməsi, təqdim olunması və verilməsi prosesi Azərbaycan Respublikasının qanunvericiliyində dəqiq şəkildə müəyyən edilib. Bu hüquqi bazaya əsasən, fəxri adların təsis edilməsinə, onlara dair siyasətin müəyyənləşdirilməsinə, habelə mükafatların təqdim olunması prosedurlarına aidiyyəti dövlət orqanları məsuldur. Məsələn, bu səlahiyyət Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və digər müvafiq qurumlara həvalə olunub. Hər bir fəxri adın verilməsi xüsusi qaydalar əsasında həyata keçirilir, həmin şəxsiyyətin fəaliyyət sahəsi, nailiyyətləri və ictimai rolu diqqətlə qiymətləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, 2025-ci il aprelin 1-nə olan rəsmi statistikaya əsasən, Azərbaycanda fəxri adlara görə aylıq Prezident təqaüdü alan şəxslərin sayı 4742 nəfərdir. Onlardan
"Xalq" fəxri adı alanların sayı – 247 nəfər,
"Əməkdar" fəxri adı alanların sayı – 4495 nəfər təşkil edir.
"Xalq" fəxri adına görə aylıq 200 manat, "Əməkdar" fəxri adına görə isə 150 manat təqaüd verilir.
Qeyd edək ki, "Əməkdar jurnalist" və "Əməkdar müəllim" adları sonuncu dəfə 2022-ci ildə, "Əməkdar incəsənət xadimi" və "Əməkdar artist" adları isə 2018-ci ildə təqdim olunub.
Son günlər isə Azərbaycanda fəxri adların ləv ediləcəyi ilə bağlı iddialar səsləndirilir. Yayılan xəbərlərə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi fəxri adların verilməsinin dayandırlması ilə bağlı təkliflə çıxış edib. Bu məlumatlar cəmiyyətdə böyük rezonans doğuraraq ictimaiyyətin müxtəlif təbəqələri arasında geniş müzakirələrə və narahatlığa səbəb olub. Hətta bəzi ekspertlər və vətəndaşlar bu məsələnin ölkədə mükafatlandırma sistemində ciddi dəyişikliklərə yol açacağı barədə fikirlər səsləndiriblər.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılan məlumatlar tamamilə həqiqətəuyğun deyil və əsassızdır:
"Maliyyə Nazirliyi Azərbaycan Respublikasında fəxri adların verilməsinin ləğvi ilə bağlı hər hansı təklif və ya təşəbbüslə çıxış etməyib, bu məlumatlar həqiqəti əks etdirmir və əsassızdır. Ümumiyyətlə qeyd olunan məsələ Nazirliyin funksional və hüquqi səlahiyyətlərinə daxil deyil. Fəxri adların təsis edilməsi və onlara dair siyasətin müəyyənləşdirilməsi aidiyyəti üzrə digər dövlət orqanlarının səlahiyyətlərinə aiddir".
Əli Hüseynov