Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ hökumətinə 2026-cı maliyyə ilində müdafiə xərclərini təxminən 50 milyard dollar artırmağı tövsiyə edib. Növbəti illərdə hərbi qurumun büdcəsi 1 trilyon dolları keçə bilər.
Bakıvaxtı.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Nazir bu tövsiyəsini noyabrın 27-də ABŞ-nin İnzibati Büdcə İdarəsinə ünvanladığı məktubda verib. Ostin 2027-2030-cu maliyyə illərində müdafiə xərclərinin ABŞ ÜDM-nin təxminən 3 %-i həcmində olmasına çağırıb. O, Çinə qarşı mübarizəyə və alyansların gücləndirilməsinə yönəlmiş Milli Müdafiə Strategiyasına dəstək istisna olmaqla, belə artımın zəruriliyini aydın şəkildə əsaslandırmayıb.
Pentaqon rəhbəri İnzibati Büdcə İdarəsinə irəli sürülən beşillik müdafiə planını yeni ABŞ administrasiyası üçün saxlamağı tövsiyə edib. Bu plana əsasən 2026-cı maliyyə ilində xərclər 926,5 milyard dollar, 2027-ci ildə 972,8 milyard dollar, 2028-ci ildə isə 1 trilyon dollardan çox məbləğdə nəzərdə tutulur.
Nazir qeyd edib ki, təkcə Pentaqon üçün nəzərdə tutulan maliyyələşməyə Ukrayna və İsrailə yardım daxil olmayacaq.