• Bakı 27° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Paşinyanın Aİİ mesajı: İrəvan Moskva ilə körpüləri qorumağa çalışır

DÜNYA

07 Avqust 2026 | 17:19

Paşinyanın Aİİ mesajı: İrəvan Moskva ilə körpüləri qorumağa çalışır

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın gücləndirilməsinin ölkəsi üçün prioritet olaraq qaldığını bildirməsi İrəvanın xarici siyasət kursu ilə bağlı yeni müzakirələr yaradıb. Son illərdə Ermənistan Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələrini genişləndirməyə, Qərb institutları ilə əməkdaşlığı dərinləşdirməyə çalışır.

Bununla yanaşı, ölkənin iqtisadi baxımdan Aİİ məkanına, xüsusilə Rusiya bazarına bağlılığı İrəvanın manevr imkanlarını məhdudlaşdıran əsas amillərdən biri olaraq qalır. Paşinyanın Aİ-yə yaxınlaşmanı Aİİ-yə alternativ kimi təqdim etməməsi də Ermənistan rəhbərliyinin Moskva ilə münasibətlərdə kəskin qırılmadan yayınmaq niyyətinin göstəricisi sayıla bilər.

Mövzunu Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Alim Nəsirov bildirib ki, Paşinyanın açıqlaması ilk növbədə Ermənistanın xarici siyasətdə manevr imkanlarını qorumağa çalışdığını göstərir. İrəvan anlayır ki, Avropa İttifaqı ilə siyasi yaxınlaşma mümkün olsa da, Aİİ ilə iqtisadi münasibətlərin qısa müddətdə əvəzlənməsi kifayət qədər çətindir. Ermənistan iqtisadiyyatının Rusiya bazarı, qarşılıqlı ticarət və Aİİ daxilində mövcud güzəştlərlə bağlılığı hökuməti daha ehtiyatlı davranmağa vadar edir. Buna görə Paşinyan həm Qərbə inteqrasiya istiqamətində addımlarını davam etdirmək, həm də Moskvanı Ermənistanın dərhal Aİİ-dən uzaqlaşacağı qənaətinə gətirməmək istəyir.

Dediyinə görə, bu bəyanatın həm daxili auditoriyaya, həm Rusiyaya, həm də Avropa tərəfdaşlarına ünvanlanan çoxvektorlu siyasi mesaj olduğunu düşünürəm. Yəni Ermənistan rəhbərliyi hazırda seçim etməkdən daha çox müxtəlif güc mərkəzləri ilə münasibətlərdən paralel şəkildə faydalanmağa çalışır.

“Bu bəyanatlar İrəvanın geosiyasi kursunda dəyişiklikdən xəbər verir, yoxsa balans siyasətinin davamıdır” sualını cavablandıran siyasi şərhçi bunu geosiyasi kursun köklü dəyişməsindən daha çox balans siyasətinin davamı kimi qiymətləndirir. Onun sözlərinə görə, Ermənistan son illərdə təhlükəsizlik və siyasi münasibətlər baxımından Qərbə doğru nəzərəçarpacaq addımlar atsa da, iqtisadi əlaqələrdə Rusiya amili hələ də mühüm yer tutur. İrəvanın qarşısında duran əsas problem siyasi orientasiya ilə iqtisadi reallıqlar arasında müəyyən ziddiyyətin yaranmasıdır:  “Paşinyan hökuməti bu ziddiyyəti kəskin seçim etmədən idarə etməyə çalışır. Lakin uzunmüddətli perspektivdə Aİ ilə dərin inteqrasiya və Aİİ üzvlüyünün eyni səviyyədə davam etdirilməsinin hüquqi və iqtisadi baxımdan müəyyən məhdudiyyətlərlə üzləşməsi mümkündür. Buna görə indiki mərhələni Ermənistanın yekun geosiyasi seçimi deyil, seçim imkanlarını mümkün qədər uzun müddət açıq saxlamaq cəhdi kimi görmək daha doğru olar”.

Kremlin Paşinyanın Aİİ ilə bağlı bəyanatlarına münasibətinə gəlincə, həmsöhbətimiz hüsab edir ki, Moskva bu açıqlamaları müəyyən mənada müsbət siqnal kimi qəbul edə bilər, çünki Ermənistan rəhbərliyi Aİİ-dən çıxmaq niyyətini ortaya qoymur. Rusiya üçün Ermənistanın Aİİ daxilində qalması təkcə iqtisadi deyil, həm də postsovet məkanında təsir imkanlarının qorunması baxımından siyasi əhəmiyyət daşıyır. Onun spzlərinə görə, bununla belə, Kreml yalnız Paşinyanın bəyanatlarına deyil, Ermənistanın Qərblə münasibətlərdə atdığı praktiki addımlara da diqqət yetirəcək:

“Xüsusilə Avropa İttifaqı ilə inteqrasiyanın dərinliyi və təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq Moskvanın diqqətlə izlədiyi məsələlər olaraq qalacaq. Ona görə də Rusiya tərəfinin bu bəyanatı müsbət qarşılaması Ermənistanın bütün xarici siyasət kursundan razı qalması demək deyil. Moskva üçün əsas məsələ İrəvanın sözlərinin gələcək siyasi və iqtisadi qərarlarda nə dərəcədə təsdiqlənəcəyidir”.

Alim Nəsirov: Münasibətlərin real yumşalması qarşılıqlı etimadı artıracaq praktiki addımlara ehtiyac var

A.Nəsirov bildirib ki, bu açıqlamalar Ermənistan-Rusiya münasibətlərində müəyyən dərəcədə edə bilər, çünki Paşinyanın ritorikası Moskvanın Ermənistanın sürətlə Rusiyanın təsir dairəsindən çıxması ilə bağlı narahatlığını yumşalda bilər. Son illərdə iki ölkə arasında qarşılıqlı etimadın zəifləməsi münasibətləri əvvəlki səviyyədən xeyli uzaqlaşdırıb. Belə şəraitdə Aİİ ilə əməkdaşlığın prioritet adlandırılması iqtisadi münasibətlərin siyasi fikir ayrılıqlarından qorunmasına yönəlmiş mesajdır.

Ancaq onun fikrincə, təkcə bir bəyanat Ermənistan-Rusiya münasibətlərində yığılıb qalmış problemləri həll etmək üçün kifayət etməyəcək. Münasibətlərin real yumşalması üçün təhlükəsizlik, iqtisadiyyat və regional siyasət üzrə qarşılıqlı etimadı artıracaq praktiki addımlara ehtiyac var:

“Buna görə Paşinyanın açıqlamasını münasibətlərin tam normallaşmasından daha çox gərginliyin idarə olunmasına xidmət edən diplomatik jest kimi qiymətləndirmək mümkündür”.

Müsahibimiz hesab edir ki, Moskva bunu hələlik strateji seçimdən daha çox taktiki balans siyasəti kimi qiymətləndirəcək. Çünki Ermənistanın son illərdə Avropa İttifaqı ilə yaxınlaşması və xarici siyasət əlaqələrini şaxələndirməsi Kremlin diqqətindən yayınmır. Rusiya rəhbərliyi anlayır ki, İrəvan Aİİ-də qalmaqla yanaşı, Qərblə münasibətlərdə özünə daha geniş siyasi məkan yaratmağa çalışır.

“Paşinyanın mövqeyi hazırda Ermənistanın Rusiya ilə iqtisadi bağlarını qoruyaraq Qərblə siyasi yaxınlaşmanı davam etdirmək istəyindən xəbər verir. Moskvanın bunu həqiqi strateji seçim kimi qəbul etməsi üçün İrəvanın daha uzun müddətli və ardıcıl siyasət nümayiş etdirməsi tələb olunacaq. Bu baxımdan Ermənistanın hazırkı kursu bir mərkəzə qəti orientasiyadan çox, Rusiya ilə Qərb arasında mümkün qədər geniş manevr sahəsi saxlamağa hesablanmış siyasət təsiri bağışlayır”, - deyə Alim Nəsirov əlavə edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR