“Peyvənd olunmuş uşaqların həm fiziki, həm də psixi sağlamlıq göstəriciləri peyvənd olunmamış uşaqlarla müqayisədə daha stabildir və daha yüksək olur. Peyvəndlər uşaqları ağır yoluxucu xəstəliklərdən qoruyur və beləliklə, tez-tez xəstələnmənin və uzunmüddətli fəsadların qarşısını alır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova açıqlayıb.
Onun sözlərinə görə, beynəlxalq tədqiqatlara görə, peyvənd olunmuş uşaqlar daha az xəstələndikləri üçün məktəb və bağçaya davamiyyətləri daha yüksək olur:
“Sağlamlıq imkanlarının yaxşı olması, onların gündəlik aktivliklərini, oyun və təhsil fəaliyyətlərini daha rahat şəkildə davam etdirməsinə imkan yaradır. Bununla yanaşı, bədən müqaviməti yüksək olan uşaqlarda iştaha və yuxu rejimi də daha sabit olur. Peyvənd olunmuş uşaqlarda pnevmoniya, qulağa iltihab, rotavirus diareyası, meningit kimi ağırlaşmaların riski xeyli az olur. Peyvənd olunmamış uşaqlar isə bu cür xəstəlikləri daha ağır keçirir və bəzən xəstəxana şəraitində müalicəyə ehtiyac qalır”.
R. Nemətova bildirib ki, psixi sağlamlıq baxımından da peyvənd olunmuş uşaqlar daha stabil olurlar:
“Tez-tez xəstələnən uşaqlarda xəstəxana mühiti, iynələr, uzunmüddətli müalicələr psixoloji narahatlığa, qorxu və gərginliyə səbəb ola bilər. Bu da uşağın gündəlik həyatına və sosial davranışına təsir edə bilər. Nəticə etibarilə, peyvənd uşağın ümumi fiziki və emosional sağlamlığının qorunması üçün etibarlı və elmi əsaslı üsuldur. Sağlam uşaq — cəmiyyətin sağlam gələcəyidir”.