İran Prezidenti Məsud Pezeşkian Təbrizin “Traktor” və Tehranın “Persopolis” futbol komandaları arasında baş tutan oyun zamanı yaranan gərginlikdən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, “Tehranın Azadi stadionunda baş verənlər və verilən təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir. Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər",- deyə İranın dövlət başçısı qeyd edib.
Pezeşkianın Azərbaycan xalqına qarşı göstərdiyi müsbət münasibət, xüsusilə onun diplomatik rəhbərlik etdiyi dövrdən başlayaraq diqqət çəkib. Pezeşkianın İran hökumətindəki mövqeyindən asılı olmayaraq, Cənubi Azərbaycan və Azərbaycan xalqına olan dostanə münasibəti bu gün də geniş şəkildə müzakirə olunur. Bu, həmçinin İranın daxili siyasətindəki dəyişikliklərə və Cənubi Azərbaycanda yaşayanların hüquqlarına verilən önəmi işıqlandıran aspektdir.
Onun apardığı siyasət Azərbaycan xalqına nə dərəcədə xidmət edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, onun bu addımı İranın siyasətini idarə etməyə hesablanıb, türkəsilli soydaşlarımız isə onun bu diplomatik qərarı ilə bir qədər "sakitləşir":
"Pezeşkianın bu addımı xüsusilə Cənubi Azərbaycanda yaşayan türkəsilli soydaşlarımız tərəfindən müəyyən qədər "sakitləşdirici" təsir yaratmağı məqsəd qoyur. Həmin bəyanat həmçinin İran hökumətinin Cənubi Azərbaycanda yaşayan azərbaycanlılarla daha yaxşı əlaqələr qurmağa çalışdığı və bu bölgədəki gərginliyi azaltmağı hədəflədiyir. İranın bu mövqeyi həm daxili siyasət, həm də regional vəziyyət baxımından mühüm əhəmiyyət daşıyır. Diplomatik addımlar eyni zamanda Cənubi Azərbaycan xalqının narahatlıqlarını və hüquqlarını nəzərə alaraq atılır Bu cür qərarlar həmçinin İranın özünün daxili birliyini qorumağa yönələn bir təşəbbüsdür".
Tural İrfan: Cənubi Azərbaycan məsələsi və türkmeyilli siyasətin gələcəyi sual altındadır
Onun sözlərinə görə, Pezeşkian azərbaycanlı olduğu üçün namizədlik dövründə, həmçinin, hakimiyyəti zamanı millətpərəst olduğunu sübut etməyə çalışıb:
"Məsud Pezeşkianın azərbaycandilli çıxışları, Cənubi Azərbaycandan olması onun hakimiyyətə gəlməsinə mühüm təsir göstərib. O, bir növ islahatçı rəhbərdir. Çünki İran diplomatiyasında ölkəyə rəhbərlik edən şəxslərdən biri islahatçı, biri mühafizəkar olur. Xatırladım ki, İbrahim Rəisi daha çox mühafizəkar addımları ilə seçilirdi. Yeni İran prezidentinin bu addımları nə qədər də "xoşməramlı" görünsə də, bu, zahiri göstəricidir. Daxilən hər şey İslam Respublikasının daxili siyasətini stabil idarə etmək üçündür. Bundan əlavə, Pezeşkian nə qədər özünü türkmeyilli göstərməyə çalışsa da, idarəçilik tam olaraq ondan asılı vəziyyətdə deyil".
Həmsöhbətimizin fikrincə, İranın Ali Dini Lideri türkmeyilli siyasət yeridilməsinə qarşıdır:
"İslam Respublikasının siyasi strukturu, xüsusilə Ali Dini Liderin mövqeyi, bu siyasətin yeridilməsində müəyyən məhdudiyyətlər qoyur. Xomeyninin türkmeyilli siyasətə qarşı olduğu məsələsi hər zaman diqqət çəkib. Bu, İranın daxili idarəetmə və xarici siyasətində türklərə qarşı müəyyən mühafizəkar yanaşmaların olduğunu sübut edir. Ali Dini Liderin bu mövqeyi Pezeşkianın hər hansı bir radikal türkmeyilli siyasət yürütməsinin qarşısını alır. Onun bu siyasətə qarşı çıxması daha geniş bir siyasi və ideoloji kontekstdə İranın dövlət idarəçiliyindəki ənənəvi və qoruyucu yanaşmalarının üstünlüyünü ortaya qoyur. Bu isə, Pezeşkianın öz islahatçı mövqeyini yeritməsinə rəğmən daha geniş dövlət strukturlarının təsiri altında olduğunu göstərir. Pezeşkian güc mübarizəsində əsasən İranın Ali Dini Liderinin və digər mühafizəkar qüvvələrin təsirini nəzərə alaraq hərəkət edir. Belə halların yaşanması Cənubi Azərbaycan məsələsinin və türkmeyilli siyasətlərin gələcəyinə dair suallar doğurur, çünki bu siyasətlin müvəffəqiyyətli olma ehtimalı daha çox ölkənin daxili siyasi sabitliyi və rəhbərliyin mövqeyinə bağlıdır".
Əli Hüseynov