• Bakı 15° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Prosesin nöqtəsi sülh sazişidir: Əksi olarsa, Ermənistan xalqı üçün...

GÜNDƏM

25 Sentyabr 2023 | 17:37

Prosesin nöqtəsi sülh sazişidir: Əksi olarsa, Ermənistan xalqı üçün...

 “Paşinyanın yerinə kim gəlsə belə, üçtərəfli bəyanatın əksinə bir şey edə bilməz. Çünki biz o bəyanatı Nikol Paşinyanla deyil, Ermənistan dövləti ilə imzalamışıq”.

Bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra bu günə qədər dayanmadan davam edən iğtişaşlar zaman-zaman intensivləşir, güclənir: “Bəzi məqamlarda isə müəyyən mənada səngiyir. Bu da təbii ki, Azərbaycanla Ermənistan arasında baş verən proseslərlə bağlıdır. Xüsusilə Azərbaycanın güc yolu ilə də olsa, Ermənistanın 10 noyabr 2020-ci il bəyanatla üzərinə götürdüyü öhdəliklərə riyaət etməsi ilə bağlıdır. Düşünürəm ki, Ermənistanı sülhə məcbur etmə prosesində hər növbəti addımımızda Ermənistan cəmiyyətində revanşist qüvvələrin təsiri altında olan insanların küçələrə axışdığının şahidi oluruq”.

Onun sözlərinə görə, o insanlar anlamalıdırlar ki, ikinci Qarabağ müharibəsində Ermənistan kapitulyasiya aktına imza ataraq məğlub olub, Azərbaycan qalib gəlib: “Əslində, bu məğlubiyyət və qalibiyyət regionda siyasi və tarixi ədaləti bərqərar edir. Orda yaşayan insanlar da çox gözəl bilirlər ki, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal etmişdi. Həmin o cinayətləri törədən Ermənistan bir gün məğlub olmalı idi, çünki Azərbaycan bu məğlubiyyətlə heç cür barışmırdı. Bu proseslər də onun məntiqi nəticəsidir”.

Müsahibimiz qeyd edib ki, Nikol Paşinyan hakimiyyəti itirmək qorxusundan danışıqları uzatmağa çalışır: “Düşünürəm ki, bu iğtişaşlar Paşinyanı sülh müqaviləsindən heç cür yayındırmamalıdır, yayındıra da bilməz. Özü də anlayır ki, nə qədər müqaviləni imzalamayacaq və revanşist qüvvələr ona qarşı çıxacaq. Əslində, bu prosesin son nöqtəsi sülh sazişinin imzalanmasıdır”.

Xəyal Bəşirov: İlin sonuna qədər sülh müqaviləsi imzalanarsa, Ermənistanda iğtişaşlar səngiyəcək

Siyasətçi qeyd edib ki, sülh sazişi imzalanarsa, Ermənistan xalqının çox hissəsi Paşinyanın yanında olacaq: “Çünki ikinci Qarabağ müharibəsində məğlub olmasına, kapitulyasiya aktını imzalamasına baxmayaraq, Ermənistan seçicisi yenə dı onu seçdi. Əslində, cəmiyyət Nikol Paşinyana deyil, Azərbaycanla düşmənçiliyin yox olmasına səs verdilər. Onlar bununla sülh tərəfdarı olduqlarını göstərdilər. Sülhün tərəfdarı olmasalar belə müharibədən bezdiklərini, Azərbaycanla düşmənçilik siyasətindən cana doyduqlarını göstərməyə çalışdılar”.

X.Bəşirova görə, əgər Nikol Paşinyan ilin sonuna qədər sülh müqaviləsini imzalayarsa, Ermənistanda iğtişaşlar səngiyəcək. Bunun üçün Paşinyanın kifayət qədər imkanı və şansı var: “Artıq İspaniyada keçiriləcək görüşdə sülh sazişi imzalanmalıdır. Ondan sonra Ermənistan cəmiyyətində nizam-intizam yarada bilər”.

“Paşinyanın yerinə kim gəlsə belə, bəyanatın əksinə bir şey edə bilməz. Çünki biz o bəyanatı Nikol Paşinyanla deyil, Ermənistan dövləti ilə imzalamışıq. O kürsüdə kimin olmasından asılı olmayaraq, əməl edilməlidir” deyən Xəyal Bəşirov vurğulayıb ki, əksi olarsa, Ermənistan xalqı üçün çox ağır nəticələrə gətirib çıxaracaq.

Aytac Aslan


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025