Oksford, Kembric, Bristol, Potsdam və London Kral Kollecindən olan alimlər psixoloji üsulların insanlarda dezinformasiyaya qarşı uzunmüddətli müqaviməti artırdığını müəyyən ediblər.
Bakıvaxtı.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Communications (NatCom) jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində beş böyük eksperiment aparılıb və 11 mindən çox iştirakçı müxtəlif dezinformasiya ilə mübarizə üsulları ilə sınaqdan keçirilib. Alimlər mətn əsaslı metodları (dezinformasiyanın yayılma üsullarını izah edən məlumatlar), videoları (emosional manipulyasiyaları izah edən qısa təhsil klipləri) və oyun əsaslı yanaşmaları (iştirakçıların təhlükəsiz mühitdə saxta xəbərlər yaratdığı interaktiv oyunlar) yoxlayıblar.
Eksperimentdən sonra iştirakçılar dezinformasiyaya məruz qalıb və onların yanlış məlumatları müəyyənləşdirmə bacarıqları qiymətləndirilib. Bütün üsullar effektiv olub, lakin onların təsiri zamanla azalıb. Alimlər müəyyən ediblər ki, bu təsirin müddəti iştirakçıların ilkin öyrənilən məlumatı nə qədər yaxşı yadda saxlamasından asılıdır. Təkrarlanan xatırlatmalar və yaddaş möhkəmləndirmə məşqləri müqaviməti əhəmiyyətli dərəcədə artırıb.
Oksford Universitetinin aparıcı tədqiqatçısı doktor Rakoen Maertens bildirib ki, dezinformasiya iqlim dəyişikliklərindən tutmuş vaksinasiya mövzusuna qədər bir çox sahəyə təsir edən qlobal problemdir. Onun sözlərinə görə, psixoloji “peyvəndlər” insanların dezinformasiyaya qarşı müqavimətini gücləndirmək üçün effektiv vasitə ola bilər.
Bristol Universitetinin professoru Stefan Levandovski isə qeyd edib ki, bu üsullar müxtəlif format və kontekstlərdə tətbiq edilə bilər. Oyunlar, mətnlər və videolar eyni dərəcədə güclü təsir göstərdiyi üçün onların geniş miqyasda istifadəsi mümkündür.
Alimlər hesab edirlər ki, yaddaş möhkəmləndirici texnikaların təhsil proqramlarına daxil edilməsi insanlara uzun müddət ərzində dezinformasiyanı tanımaq bacarığını qorumağa kömək edəcək.
Nuriyyə Musayeva