Bu gün Bakıda liseydə şagird müəllimini güllələyib. Xatırladaq ki, hadisə “İdrak” liseyində qeydə alınıb.
Hadisədən sonra mətbuatda yayılan məlumatlara görə, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, burada əsas sual bir yeniyetməni bu dərəcədə aqressiv davranışa aparan mərhələlərin hansı olmasıdır:
"Çünki məsələ birdən-birə baş verən impulsiv davranış kimi görünmür. Uşaq silahı məktəb bufetində satılan bir əşya kimi ani şəkildə əldə edib istifadə etmir. Bu fakt artıq onu göstərir ki, hadisə günlər, bəlkə də daha uzun müddət ərzində formalaşmış planlamanın nəticəsidir. Eyni zamanda, şagirdlə müəllim arasında mövcud olan davranış kodekslərinin pozulması, qarşılıqlı münasibətlərdə yaranmış gərginlik də bu prosesdə rol oynaya bilər".

Aytən Ələkbərova: Burada artıq yeniyetmədən nə rasional düşüncə, nə də sağlam davranış gözləmək mümkündür
Psixoloqun sözlərinə görə, kompüter oyunlarının təsiri məsələsinə isə yalnız bir şərtlə tam razılaşmaq olar: əgər şagirdlə müəllim arasında indiyədək heç bir konflikt olmayıbsa. Əgər konflikt fonunda planlama mövcuddursa, o zaman silahlı zorakılıq davranışının formalaşmasında kompüter oyunlarında görülən səhnələrin, xüsusilə atəş açma və aqressiv davranışların təsiri real ola bilər:
"Bu gün bəzi kompüter oyunlarında uşaqlar dünyanın müxtəlif ölkələrindən olan insanlarla, bəzən pullu platformalarda birgə oynayırlar. Bu prosesdə qeyri-etik ifadələrə, aqressiv ünsiyyətə və zorakı davranış modellərinə tez-tez rast gəlinir. Müraciətlərdə də bu tip hallar kifayət qədər müşahidə olunur".
A.Ələkbərova bildirib ki, uzun illərdir kompüter oyunlarının insan davranışını idarə etməsi ilə bağlı narahatlığını ifadə edir və bu mövqeyi dəyişmir. Bu oyunlar uşaqları qəddarlaşdırır, onları emosional baxımdan zəiflədir. Burada artıq yeniyetmədən nə rasional düşüncə, nə də sağlam davranış gözləmək mümkündür. Bu, ağılla verilmiş qərar deyil:
"Sadəcə olaraq, daxilində formalaşan kin və aqressiyanın, vizual olaraq gördüyü zorakı davranışın real həyata köçürülməsi cəhdidir. Bu baxımdan kompüter oyunlarının belə hallarda çox ciddi və mühüm rolu olduğunu demək olar".
Zeynəb Rzayeva
Bakı 




