• Bakı 16° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Qadın obrazında video çəkən oğlanlar - əyləncə, izləyici, qazanc, yoxsa?..

CƏMİYYƏT

06 May 2025 | 13:40

Qadın obrazında video çəkən oğlanlar - əyləncə, izləyici, qazanc, yoxsa?..

Müasir dövrdə sosial şəbəkələrdə müxtəlif məzmunlu videolarla qarşılaşırıq. Xüsusilə də son illərdə bəzi oğlanların qadın obrazında video çəkərək izləyici toplamağa və məşhurlaşmağa çalışması diqqət çəkir. Bu hal təkcə əyləncə məqsədilə deyil, həm də daha çox izləyici və qazanc əldə etmək istəyinin göstəricisi kimi ortaya çıxır.

Nə üçün bəzi oğlanlar qadın obrazında video çəkməyə meyl edirlər? Bunun psixoloji səbəbləri nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Günay Kərimi bildirib ki, texnologiyalar, internet dövrünü yaşayırıq. Təəssüf ki, zamanımızın çoxunu sosial şəbəkələrdə keçiririk və artıq bunun yaş kateqoriyası da yoxdur.

Onun sözlərinə görə, uşaqlar da, gənclər də, yaşlı nəsil də zamanının çoxunu sosial şəbəkələrdə keçirir. Bu da psixoloji olaraq insanlara istər mənfi olsun, istərsə də müsbət təsirsiz ötüşmür:

"Bir çoxunun, xüsusən də gənclərin sosial şəbəkələrdən qazanc yolu kimi istifadə etmələri, bu qazancı əldə etmək üçün lazımsız hərəkətlər edərək videolar çəkməsi, baxış sayını artırması və s.  bütün bunlar təəssüf ki, insanlarda əməyə qarşı marağın azalmasına, asan və lazımsız yoldan qazanc əldə edilməsinə gətirib çıxarır. Gənclər mədəniyyətsiz, səviyyəsiz davranışlarla izləyiciləri cəlb etməyə, daha çox qazanc əldə etməyə meyl edirlər ki, bu da onları izləyənlərdə də həvəsin yaranmasına, xüsusilə də gənclərin bu yola meyl etməsinə yol açır"

Günay Kərimi: Elələrini lağa qoymaq, izləmək əvəzinə, onları cəmiyyətə qazandırmağa cəhd etməliyik

Psixoloq qeyd edir ki, belə təbliğatlar insanların təhsilə, mədəniyyətə, inkişafa meylini azaldır. Müsahibimiz bildirib ki, azad və səviyyəsiz yoldan pul qazanmağa gəncləri həvəsləndirir. Bəzən əxlaqsızlığı, tərbiyəsiz davranışları təbliğ edən insanlar gənclərdə bu davranışlara meyl yaradır:

“Ona görə də belə insanlar cəzalandırılmalı və belə davranışlara icazə verilməməlidir. Ailələrdə, dövlətimiz, vətənimiz üçün xeyirli, savadlı, vətənpərvər gənclər yetişdirilməlidir. Bunun üçün də valideynlər övladlarının izlədiklərinə nəzarət etməlidirlər".

G.Kərimi son olaraq bildirib ki, belə davranışları təbliğ edənlər isə ailələrində yetişdirilərkən səhvlər buraxılan və doğru tərbiyə almayan, inkişaf edə bilməyən insanlardır:

"Onlar müəyyən yaşa çatsalar da, təəssüf ki, özlərini inkişaf etdirə bilməyiblər. Biz cəmiyyət olaraq onları lağa qoymaq, izləmək əvəzinə, onları cəmiyyətə qazandırmağa cəhd etməliyik".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR