Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəməsində şahidlər dindirilib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid Leyla Əliyeva ifadə verib.
Lakin şahid ifadəsini səlis vermədiyindən hakim onun istintaq dövründə verdiyi ifadəsini elan edib:
"Hazırda heç bir yerdə işləmirəm. 2016-cı ildə dayımla Nərgiz Quliyeva ailə qurublar. Onların Fərhad adlı övladları olub. Əvvəl münasibətləri yaxşı olsa da, sonradan pisləşdi. Dayım içki düşkünü idi. Biz ona çox məsləhətlər verdik ki, bu əməlindən uzaqlaşsın. Hadisə günü dayımın ad günü idi. Dayım Natiq və babam spirtli içki içirdilər. Nərgiz süfrəni yığışdırıb evin ikinci mərtəbəsinə qalxdı. Sonradan səs eşitdik və bildim ki, Nərgiz dayım Natiqi bıçaqla vuraraq öldürüb. Təcili yardım çağırsaq da, xəstəxanaya çatdıra bilmədik, onun həyatını xilas etmək mümkün olmadı".
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./Unikal
Bakı 




