Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin 76-cı sessiyası zamanı irəli sürdüyü Gürcüstan-Azərbaycan-Ermənistan arasında əməkdaşlıq platforması kimi “dinc qonşuluq təşəbbüsü” ideyasını inkişaf etdirmək üçün dünən Bakıya səfər edib. Bu, Qərb və ABŞ tərəfindən dəstəklənmə ehtimalı olacaq bir təşəbbüsdür.
"Qafqaz" platforması ideyası reallaşa bilərmi? İndiki halda Azərbaycan Rusiya və Türkiyə vasitəçiliyindən imtina etməyə maraqlı olacaqmı? Çünki, məsələlər məhz bu iki dövlətin vasitəçiliyi sayəsində Azərbaycanın xeyrinə daha tez həll olunur. “Altılıq” platforması reallaşa bilərmi?
“Azərbaycan və Ermənistan arasında mövcud olan cari vəziyyəti nəzərə alsaq, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xüsusilə Türkiyə və Azərbaycan prezidentlərinin ortaq ideyası olan “Altılıq” platforması ilə bağlı müzakirələr ərəfəsində mühüm əhəmiyyət kəsb etməkdədir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Ramil Həsən bildirib.
Deputat qeyd edib ki, Türkiyə Respublikasının cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında iştirak etməmişdən öncə verdiyi bəyanatında bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri vasitəsilə ona münasibətlərin normallaşdırılmasına bağlı təkliflərini çatdırıb və Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib: “Mühüm bir məqamı da qeyd edim ki, Türkiyə Respublikasının Xarici işlər naziri Mövlud Çavuşoğlu bir neçə gün öncə rəsmi açıqlamasında "Qafqaz" platformasının ərsəyə gəlməsi ilə bağlı ortada olan əngəlləri aradan qaldırmaq üçün fikirlər səsləndirib. Bunlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, bu müqavilə çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsi və 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpa edilməsi və bütün kommunikativ münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistandan olan gözləntilərin həyata keçirilməsidir”.
R.Həsən deyib ki, Gürcüstanın da dost və qonşu ölkə olaraq dinc qonşuluq təşəbbüsü ideyasını inkişaf etdirməsi münasibətlərin konkret nəticələrə gətirib çarpmasına səbəb olacaqdır: “Əlbəttə ki, həm Qərb, həm Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən belə bir təşəbbüs bölgədə barışığın, təhlükəsizliyin, sülhün və əmin-amanlığın inkişafına xidmət edirsə və şübhəsiz ki, Azərbaycanın Qafqazda və bölgədə təklif etmiş olduğu təhlükəsizlik və qarşılıqlı maraqlara xidmət edirsə, bu, prosesin inkişafına təkan verəcək bir nüans ola bilər.
Amma biz vacib bir faktı yaddan çıxartmayaq ki, Türkiyə ilə Azərbaycan ancaq dost ölkə deyil, həm də qardaş ölkədir. Türkiyə ilə Azərbaycan siyasi, hərbi və bir çox sahələrdə müttəfiqlik münasibətlərini inkişaf etdirən, eyni millətə, eyni kökə mənsub olan millətin övladlarının yaşadığı və fəaliyyət göstərdiyi iki qardaş dövlətdir. Rusiya ilə isə Azərbaycanın çox gözəl normal qonşuluq münasibətləri var. Azərbaycan prezidenti cənab İlham Əliyev bölgədə hər hansı bir ölkəylə qarşıdurmaya getmədən, münasibətlərin normalaşdırılmasını dəfələrlə bəyan edib”.
Ramid İbrahimov
















