Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Bakıya planlaşdırılan rəsmi səfəri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan-Gürcüstan münasibətləri uzun illərdir ki, qarşılıqlı hörmət, səmərəli əməkdaşlıq və strateji maraqlar üzərində qurulub. Bu gün isə həmin münasibətlər yeni çağırışlar və imkanlar fonunda daha da möhkəmlənir.
Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq artıq illərlə davam edən, dayanıqlı və çoxşaxəli bir münasibətlər sisteminə çevrilib. Diplomatik əlaqələr yalnız ikitərəfli deyil, həm də regional və qlobal miqyasda əhəmiyyət daşıyır. Enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng təşəbbüslər təkcə iqtisadi gəlirlər qazandırmır, həm də regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. 3,6 milyard ABŞ dolları həcmində Azərbaycan sərmayəsi Gürcüstan iqtisadiyyatına qoyulub və bu, ölkəmizin qonşusuna verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili bildirib ki, Gürcüstan üçün Azərbaycan təkcə iqtisadi tərəfdaş deyil, həm də regional sabitliyin təminatçısıdır. Bu baxımdan Gürcüstanın Avroatlantik məkana inteqrasiya səylərində Azərbaycanın mövqeyi dəstəkləyici və stabillik yaradan amildir. Tərəflər arasında əlaqələrin dərinləşməsi həm də Qafqazın gələcəyinin birgə formalaşdırılması anlamına gəlir. Belə ki, Qərb və Şərq arasında körpü rolunu oynayan bu iki ölkənin koordinasiyalı fəaliyyəti Avrasiya regionunda baş verən proseslərə təsir göstərmək gücünə malikdir:
"Digər tərəfdən, dünya enerji bazarlarında geosiyasi dəyişikliklər fonunda Azərbaycan-Gürcüstan əlaqələrinin əhəmiyyəti daha da artır. Azərbaycan qazının Avropaya nəqli üçün əsas tranzit marşrutu məhz Gürcüstandan keçir. Bu isə Gürcüstanın regional enerji təhlükəsizliyindəki rolunu artırmaqla yanaşı, Azərbaycanın da Qərb bazarlarına çıxışını təmin edir”.
Müsahibimiz deyib ki, ticarət münasibətləri baxımından da Gürcüstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Gürcüstanla sərhəd ticarətindən tutmuş, kənd təsərrüfatı və sənaye məhsullarının dövriyyəsinə qədər bir çox sahədə əməkdaşlıq mövcuddur. Türk dünyasının Qərbə açılan pəncərəsi olan bu tandem, eyni zamanda Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində də mühüm funksiyanı yerinə yetirir.
Tahir Mirkişili: Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqazın sabitliyi üçün nümunəvi modeldir
Onun sözlərinə görə, Mixail Kavelaşvilinin Bakıya səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından əlverişli platforma yaradır. Bu səfər çərçivəsində enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrində yeni sazişlərin imzalanması gözlənilir. Səfər, həmçinin regionda sabitliyin və dayanıqlı inkişafın təmin edilməsi üçün Azərbaycan və Gürcüstanın birgə mövqeyinin koordinasiyası baxımından da əhəmiyyətlidir:
"Azərbaycan-Gürcüstan əlaqələri sadəcə iki dövlətin maraqlarını əhatə etmir – bu münasibətlər bütövlükdə Cənubi Qafqazın sabitliyi, Avrasiya məkanında davamlı inkişaf və regionlararası əməkdaşlıq üçün nümunəvi modeldir. Mixail Kavelaşvilinin Bakıya səfəri bu modelin möhkəmləndirilməsinə və qarşıdakı mərhələdə yeni perspektivlərin müəyyənləşdirilməsinə mühüm töhfə verəcək",- Tahir Mirkişili fikrini yekunlaşdırıb.
Əli Hüseynov