• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Qarın doyur, göz doymur: Çox yemək psixoloji gərginlikdən xəbər verir

CƏMİYYƏT

15 Aprel 2025 | 15:41

Qarın doyur, göz doymur: Çox yemək psixoloji gərginlikdən xəbər verir

"Qarın doyur, göz doymur"  - bu deyim son zamanlar insanların yemək vərdişlərini izah etməkdə ən uyğun ifadələrdən birinə çevrilib.  Süfrəyə otururuq, yeməyə başlayırıq və bəzən elə olur ki, doyduğumuzu hiss etmədən yeməyə davam edirik. Halbuki bədənimiz artıq ehtiyac duyduğu enerjini alıb.

Bizi yeməyə sövq edən psixologiya nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirib ki, istər sağlamlığımızla, istərsə də qidalanma tərzimizlə bağlı yaşadığımız bir çox vəziyyətin kökündə psixoloji səbəblər dayanır.

Onun sözlərinə görə, çox yemək özü belə psixoloji gərginlikdən və emosional vəziyyətdəki problemlərdən xəbər verir.

Psixoloq bildirib ki, bu durumun kökləri uşaqlığımıza gedib çıxır:

"Uşaq vaxtı bir çoxumuz ağlaya-ağlaya yeməyə məcbur edilmişik, ya da nəyinsə müqabilində yeməklə aldadılmışıq: məsələn, “bunu et, sənə konfet, şirniyyat, yemək verəcəyik” kimi. Ən əsası isə, emosional vəziyyətimiz pis olanda belə, yemək yedizdirilirdi. Bu da bizdə belə bir təəssürat yaradıb: emosional boşluq zamanı yemək imdadımıza çatır".

Müsahibimiz əlavə edib ki, psixoloji təsirlərlə yanaşı vizual təsirlər də mövcuddur:

"Yeməklərin rəngarəng reklamları bizi cəlb edir. Sevdiyimiz yeməyi dadanda isə daha çox yemək istəyirik. Necə deyərlər, qarın doyur, amma göz doymur".

Nabat Mirzəyeva: Qidalanma tərzimizlə bağlı yaşadığımız bir çox vəziyyətin kökündə psixoloji səbəblər dayanır

N.Mirzəyevaya görə, fiziki yorğunluq zamanı hiss edilən aclığı yeməklə aradan qaldıra bilirik. Lakin emosional - yəni sevgi, qayğı və məhəbbət ehtiyacını - heç bir yemək ödəyə bilmir.

O vurğulayıb ki, bu cür emosional aclıq nəticə etibarilə metabolizmi də pozur:

"Yeyirik, yeyirik, amma doymuruq. Nəticədə isə bu vərdiş bizi artıq çəkiyə aparıb çıxarır".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

15 Aprel 2025