• Bakı 16° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Qızım, səni ərə verim… - Övladını tez evləndirməyə çalışanlar keçmişin travmasını yaşayanlardır

CƏMİYYƏT

15 May 2025 | 14:57

Qızım, səni ərə verim… - Övladını tez evləndirməyə çalışanlar keçmişin travmasını yaşayanlardır

Xəbər verdiyimiz kimi, 9-cu sinif şagirdi “Uşaq qaynar xətti”nə müraciət edərək, sinif yoldaşının ailəsi tərəfindən zorla erkən nikaha məcbur edildiyini bildirib.

Texnologiyanın sürətlə inkişaf etdiyi, rəqəmsal dünyanın həyatımızın hər sahəsinə sirayət etdiyi bir dövrdə yaşayırıq. İndi uşaqlar kod yazmağı, süni intellektlə danışmağı, xarici dil öyrənməyi məktəb illərində bacarırlar.

Belə bir zamanda 15-16 yaşlı bir yeniyetmənin ailə qurmağa məcbur edilməsi nə qədər məntiqlidir?

Bakıvaxtı.az bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib. Cavablar isə müxtəlif və bəzən bir-birinə zidd olub.

56 yaşlı Elxan Məmmədov bildirib ki, insan 18 yaşına çatdıqdan sonra evlənmək qərarı artıq onun şəxsi seçimidir:

“Əgər yetkindirsə və istəyi varsa, istədiyi vaxt ailə qura bilər”.

Bu fikrə əks mövqedə dayanan 35 yaşlı Günel Quliyeva isə qeyd edib ki, istər qız olsun, istər oğlan, 23 yaşdan əvvəl ailə həyatı qurmağa hazır olmur. Onun fikrincə, həm emosional, həm də sosial baxımdan bu yaşdan əvvəl evlənmək düzgün deyil.

20 yaşlı tələbə Fidan Əliyeva isə fərqli düşünür:

“Əgər imkanım olsa, indi evlənərdim. Amma hələ məktəbi bitirməmiş, 18 yaşına çatmamış uşaqların evlənməsi sadəcə düşüncəsizlikdir. Ailə qurmaq üçün əvvəlcə həyat təcrübəsi və məsuliyyət hissi lazımdır”.

Bəzi ailələr övladlarının tez evlənməsini niyə fəxr ediləsi bir hal kimi qəbul edirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirib ki, ümumiyyətlə, cəmiyyətimizdə bir neçə ailə stili var. Hər biri fərqli düşüncələrə sahibdir:

“Bəzi ailələr düşünür ki, övladı oxumalı, işləməli, gəzməli, görməli və özünü inkişaf etdirməlidir. Bəzi ailələr isə bunun tam əksini düşünürlər”.

Onun sözlərinə görə, 9-cu sinif şagirdinin indiki dövrdə, cəmiyyətdə ailə qurması arzuolunan hal deyil:

“Texnologiya, rəqəmsallıq dövründə, hər şeyin çətin olduğu bir zamanda 15-16 yaşlı biri ailə məsuliyyətini daşıyacaq potensialda deyil”.

Vüsalə Əmiraslanova: Bəzi hallarda ailələr bunu özləri üçün bir uğur göstəricisi kimi təqdim etməyə çalışır

Psixoloq qeyd edib ki, indiki uşaqlar ümumiyyətlə ərköyün böyüdükləri üçün, keçmişlə ayaqlaşıb erkən nikaha məcbur etmək heç bir halda düzgün deyil. Uşaqlıq yaşında nikaha məcbur edilən gənclər nə özlərini tapa bilirlər, nə də qarşılarındakı insana dayaq ola bilirlər.

“Düşünürəm ki, övladının tez evlənməsini istəyən, tez evlənməyi fəxr sayan ailələr keçmişin travmasını yaşayanlardır. Hansı ki, belə görüblər, belə biliblər. Bu, cahillikdən başqa bir şey deyil. Bu tendensiyanı qırmaq üçün təkcə maarifləndirmə deyil, həm də sosial müdaxilə və qanuni mexanizmlər lazımdır”.

Müsahibimiz qeyd edib ki, valideynlər üçün övladın erkən ailə qurması onun məsuliyyət daşımağa başlaması və “yerini tapması” kimi qiymətləndirilir. Sosial təzyiqlər, ictimai qınaq və “el içində danışılanlar” erkən evliliyi stimullaşdıran əsas səbəblərdən biridir. Bəzi hallarda isə ailələr övladlarının erkən evliliyini özləri üçün bir uğur göstəricisi kimi təqdim etməyə çalışır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR