• Bakı 16° C

    2.17 m/s

Qəbul imtahanlarının nəticələri niyə aşağı oldu?

CƏMİYYƏT

08 Iyun 2022 | 12:42 | Müəllif: Qalib İbrahimoğlu

Qəbul imtahanlarının nəticələri niyə aşağı oldu?

Xəbər verdiyimiz kimi, 2-ci və 3-cü qruplar üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. Keçən il bütün qruplar üzrə nəticələr xeyli zəif idi. Bəs bu il necə, nəticələr ürəkaçandırmı?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2-ci və 3-cü ixtisas qrupları üzrə builki imtahanda 700 bal toplayan olmayıb: “Təbii ki, əvvəlki illərlə müqayisə etdikdə görürük ki, bu il 700 bal toplayan abituriyentin olmaması bir neçə obyektiv və subyektiv səbəblərdən asılıdır. Birincisi, iki ildən artıqdır ölkədə pandemiyadır və tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər var. Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin bu il imtahanları birinci mərhələsinin mart ayında keçirməsi, təbii ki, öz mənfi nəticələrini göstərdi”.

Onun sözlərinə görə, digər tərəfdən, bu il DİM tərəfindən çoxsaylı sınaq imtahanlarının keçirilməməsi abituriyentlərə daha yaxşı hazırlaşmaq imkanı vermədi. Ekspert deyir ki. əvvəllər dəfələrlə çox sayda sınaqlar olurdu və şagirdlər bu sınaq imtahanlarında özlərini yoxlayır, bilib bilmədikləri məsələləri müəyyənləşdirirdilər. Eyni zamanda, sual kitabçasındakı fənlərə vaxtlarını ayırır və digər vərdişləri özlərində formalaşdırırdılar.

K.Əsədova görə, digər bir səbəb isə hər il o qədər də yüksək olmayan ballarla ali məktəbə qəbul olmaq imkanının mövcudluğur: “Yəni, abituriyentlər fikirləşirlər ki, onsuz da, 150-200 bal ilə ali məktəbə qəbul olacağıq. Ona görə də, imtahana ciddi şəkildə hazırlaşmırlar”.

Müsahibimizin dediyinə görə, təbii ki, bu səbəblərlə yanaşı nəticələrin aşağı olmasına birmənalı şəkildə dərsliklərin çətin olmasının da rolu var: “Qəbul imtahanında istifadə edilən dərsliklər, təbii ki, kifayət qədər qəlizdir. Amma ən vacib məqam, sözsüz, orta məktəblərdə tədrisin keyfiyyətli təşkil edilməməsidir. Yəni, hazırda orta məktəblərdə o qədər də keyfiyyətli dərslər keçirilmir, uşaqlar dərsdən məhrum olurlar. Bunlar əsas səbəblərdir və mən inanıram ki, mövcud problemləri həll etməklə bu məsələlər aradan qaldırılacaq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026