Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya infotur çərçivəsində səfər ediblər.
Bakıvaxtı.az xəbər verir ki, infotur zamanı iştirakçılar Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərdə vakant vəzifələrin tutulması üçün keçirilən müsabiqələrin test imtahanı mərhələsini müşahidə ediblər.
Görüşdə Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova vakant yerlərə işə qəbul prosesi barədə məlumat verib. Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli isə Qiymətləndirmə Mərkəzinin fəaliyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb.
Bildirilib ki, müsabiqələr iki mərhələdə həyata keçirilir və prosesdə şəffaflıq, obyektivlik və bərabər imkanların təmin olunması əsas prinsiplər kimi müəyyən edilib. Test mərhələsində namizədlərə 50 sual təqdim olunur və bu suallar onların peşə bilikləri, analitik düşünmə qabiliyyəti və vəzifəyə uyğunluğunu qiymətləndirməyə xidmət edir.
QHT nümayəndələrinə müsabiqənin müsahibə mərhələsi barədə də məlumat verilib. Qeyd olunub ki, bu mərhələdə namizədlərin kommunikasiya bacarıqları, peşəkar hazırlığı və uyğunluğu daha geniş şəkildə dəyərləndirilir.
Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Bakı 





