“Ləman hazırda İstanbulda yerləşən “Acıbadem Atakent Hastanesi” xəstəxanasında ağır müalicə prosesi keçir, həyatı üçün təhlükə qalır. Traxeya bitişmədiyi üçün əməliyyat edə bilmirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Yasamalda baş verən yanğında xəsarət almış Ləman Qulamovanın xalası Maya Hümbətova deyib.
O bildirib ki, bacısı qızının yenidən əməliyyat olması üçün vəziyyəti stabilləşməlidir:
“Hazırda boğazında təxminən 1 sm ölçüdə dəlik var. Bu səbəbdən hələ müdaxilə mümkün deyil. Həkimlər toxumaların bir qədər toparlanmasını gözləyirlər. Gələcəkdə əməliyyat planlaşdırılır, lakin əvvəlcə Ləmanın vəziyyətinin stabilləşməsi lazımdır. Daha sonra uyğun şərait yaranarsa, cərrahi müdaxilə həyata keçiriləcək.
Traxeyadakı (nəfəs borusu) dəlik ağciyərlərə risk yaratdığı üçün vəziyyət ciddi nəzarətdə saxlanılır və müalicə davam edir. Ləman hazırda nə qida, nə də su qəbul etmir. Qidalanma jejunostoma (qidanın ağız və mədədən keçmədən birbaşa nazik bağırsağa xüsusi boru ilə verilməsidir) vasitəsilə təmin olunur”.
M.Hümbətova söyləyib ki, əməliyyatın “Acıbadem Maslak” klinikasında aparılması planlaşdırılır: “Əvvəlcədən vəziyyətinin “Apolla” adlı robotik cihaz vasitəsilə qiymətləndirilməsi də nəzərdə tutulub”.
Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın baş verib. Nəticədə 3 nəfər ölüb. Ləman Qulamova həmin yanğında həyatını itirmiş Bakı Milli Geyim Evinin rəhbəri Könül Velibəylinin qızıdır.
Ləman həmin vaxt kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, uzun müddət Bakıda müalicə aldıqdan sonra Türkiyəyə aparılıb.
Bakı 



