Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinin nümayəndəliyinin rəhbəri və BMT-nin Ticarət Prosedurlarının Sadələşdirilməsi və Elektron Biznes üzrə Mərkəzi Bürosunun (SEFAKT BMT) vitse-sədri Nurbek Maksutov Ümumdünya Ticarət Təşkilatının Ticarət Prosedurlarının Sadələşdirilməsi üzrə Komitəsinin iclası çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə layihəni təqdim edib.
Bakıvaxtı.az bu barədə Qirğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir.
Bu layihə, Orta Dəhliz boyunca rəqəmsal ticarət prosedurlarının təkmilləşdirilməsi üçün alətlərin hazırlanmasına yönəlib. Təşəbbüsdə məqsəd - BMT-yə üzv dövlətlər üçün ticarətin inkişafı və bu marşrutda prosedurların sadələşdirilməsinə dair siyasi tövsiyələrin hazırlanmasıdır.
Nitqlə çıxışı zamanı Maksutov birincii mərhələdə əsasən mövcud problemlərin və effektiv tranzit prosedurlara və məlumat mübadiləsinə əngəl yaradan infrastruktur çatışmazlıqlar təhlilinə fokuslanacaqlarını vurğulayıb. Onun sözlərinə görə bu cür baryerlər dənizə çıxışı olmayan ölkələrin ticarətdəki rəqabətədavamlılığına mənfi təsir göstərir.
Layihə həmçinin, BMT-nin SEFATK standartlarının məlumat mübadiləsində tətbiqi üzrə tövsiyələrin hazırlanmasını nəzərdə tutur ki, bu da transsərhəd ticarətin rəqəmsal keçidinə töhfə verəcək. Bu prinsiplər pilot rejimdə sınaqdan keçiriləcək, onların səmərəliliyi və aktuallığı qiymətləndiriləcək
Bundan əlavə, iclas çərçivəsində Beynəlxalq Ticarət Mərkəzi (BTM) ilə birlikdə Avropa İttifaqı və Mərkəzi Asiya arasındakı əlaqələrin yaxşılaşdırılmasına və Orta Dəhlizin əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş bir layihə təqdim edilib.
Layihə başlıca olaraq bu məqsədlərdən ibarətdir:
Mərkəzi Asiyada ticarəti və dayanıqlı investisiyaları stimullaşdırmaq üçün transsərhəd prosedurların sadələşdirilməsi.
Region ölkələri arasında ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün əlaqələndirmənin yaxşılaşdırılması.
Orta Dəhliz vasitəsilə kiçik və orta biznesin regional və Avropa bazarlarına çıxışını asanlaşdıraraq onların rəqabət qabiliyyətinin artırılması.
Layihə, 2020-2024-cü illərdə həyata keçirilmiş “Ready4Trade Central Asia” layihəsi çərçivəsində başlanmış islahatlara əsaslanaraq BTM və Mərkəzi Asiya ölkələrinin hökumətləri ilə əməkdaşlıq çərçivəsində icra ediləcək.
Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.