"Uşaqların oyuncaq seçimi cinsə görə məhdudlaşdırılmamalı, onların maraq və bacarıqları nəzərə alınmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, rənglərin və oyuncaqların yalnız qız və ya oğlan uşaqlarına aid olması barədə elmi əsaslı qayda yoxdur.
“Qırmızı rəng yalnız qızlara, göy rəng isə yalnız oğlanlara aid deyil. İnsan həyatında bütün rənglər mövcuddur. Oyuncaq seçərkən əsas meyar uşağın maraqları və inkişaf xüsusiyyətləri olmalıdır”, – deyə psixoloq bildirib.
Elnarə Baxışlı qeyd edib ki, oğlan uşağının gəlinciyə paltar tikməyə, qız uşağının isə maşınlarla oynamağa maraq göstərməsi narahatlıq üçün əsas deyil.
“Valideynlər bu cür maraqları sərt şəkildə tənqid etməməlidirlər. Oğlan uşağının dizayna marağı gələcək peşə seçiminə, qız uşağının texnikaya marağı isə mühəndislik və ya mexanika kimi sahələrə yönəlməsinə səbəb ola bilər. Maraqları yalnız cinsiyyətə görə məhdudlaşdırmaq düzgün yanaşma deyil”, – deyə o vurğulayıb.
Psixoloqun sözlərinə görə, uşağın maraq dairəsini genişləndirmək üçün ona müxtəlif növ oyuncaqlar təqdim etmək daha faydalıdır.
“Valideynlər uşağın həyatına tədricən konstruktorlar, məntiq və yaradıcılığı inkişaf etdirən oyunlar daxil edə bilərlər. Bunu qadağa və tənqid yolu ilə deyil, uşağın psixoloji inkişafını dəstəkləyəcək şəkildə etmək lazımdır. Çünki sərt qadağalar əksinə, uşağın həmin oyuncağa marağını daha da artıra bilər”, - deyə Elnarə Baxışlı əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



