• Bakı 15° C

    1.83 m/s

Qlobal Bakı Forumu: Dövrün çağırışlarının müzakirə olunduğu mühüm platforma

SİYASƏT

13 Mart 2023 | 10:03 | Müəllif: Qalib İbrahimoğlu

Qlobal Bakı Forumu: Dövrün çağırışlarının müzakirə olunduğu mühüm platforma

“Qlobal Bakı Forumu həm Azərbaycan həqiqətlərinin, həm də müasir dövrün çağırışlarının müzakirə olunduğu mühüm platformadır”.

Bunu Bakıvaxtı.az-a millət vəkili Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, bugünlərdə ölkəmizin paytaxtında prezidentimizin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə çox yüksək səviyyədə növbəti beynəlxalq forum keçirilib:

“Heç də sirr deyil ki, artıq uzun illərdən bəri Bakıda belə beynəlxalq tədbirlərin, eləcə də Bakı Forumunun keçirilməsi ənənəyə çevrilib. Bu mənada Bakı Forumunda dünyada ildən-ilə baş verən daha dərin köklü dəyişikliklər, mürəkkəbləşən geosiyasi proseslərlə bağlı irəli sürülən problemlərin müzakirəsi böyük əhəmiyyətə malikdir. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda dövlətimizin başçısı çıxış edərək, bu mühüm tədbirin təmsilçilik səviyyəsini, eləcə də, intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğuladı. Forumda 61 ölkədən olmaqla 350-dən çox tanınmış iştirakçının olması, onlardan isə 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident, baş nazir statusunda təmsilçiliyi özü-özlüyündə bu tədbirin hansı səviyyədə olmasını bir daha sübut edir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır. Prezident İlham Əliyev panellərdən birinin məhz multilateralizmə həsr olunmasına xüsusi diqqət ayıraraq bir sıra mühüm tezislər irəli sürdü. O, çıxışında vurğuladı ki, Azərbaycan böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində bir az passiv fəaliyyət göstərən Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməklə ona çeviklik, innovativlik və dinamika verməyə çalışdı, bu istiqamətdə mühüm addımlar atdı. Sədrliyimiz dünyanı bürüyən pandemiya dövrünə təsadüf etdiyindən ölkəmizdən daha çevik hərəkətlilik tələb edirdi və bu ağır işin öhdəsindən gəlməyi bacardıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkəmiz Qoşulmama Hərəkatının üç Zirvə görüşünü keçirdi. Mətbuatdan da qeyd edildiyi kimi, Zirvə görüşlərindən bir pandemiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuşdu”.

M.İbrahimqızı bildirib ki, Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olduq və 2020-ci ilin dekabrında həmin mühüm tədbir təşkil edildi, bununla da Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı pandemiyaya qarşı beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfə verdi:

“Prezident İlham Əliyev, həmçinin dünyanın pandemiyaya qarşı qlobal mübarizənin təşkili prosesində növbəti ciddi problemlərlə üz-üzə qaldığını diqqətə çatdırdı. Dedi ki, bu, “peyvənd millətçiliyi” məsələsi, peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı problem idi. Bu məsələlərin həlli istiqamətində beynəlxalq müstəvidə səsimizi ucaltdıq və ədaləti müdafiə etdik. Pandemiyaya qarşı mübarizə çərçivəsində əksəriyyəti Qoşulmama Hərəkatına üzv 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərdik. Ümumdünya Səhiyyə Təşkilatına eyni məqsədlə 10 milyon dollar həcmində birbaşa ianə yardımı ayırdıq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, ÜST tərəfindən istifadə edildi. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı prosesinə də ciddi töhfələr verdi. Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. İlham Əliyevin X Qlobal Bakı Forumunda xüsusi olaraq toxunduğu məsələlərdən biri də münaqişələrin həlli ilə bağlı olub. Bu xüsusda dövlətimizin başçısı Ermənistana və beynəlxalq ictimaiyyətə bir sıra mühüm ideya və baxışlarını çatdırdı, münaqişələrin həlli prosesinə diqqət cəlb etdi. Bu xüsusda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin timsalında konkret fikir, mülahizə və yanaşmalarını səsləndirdi. Qeyd etdi ki, bu münaqişəni dinc yolla həll etmək mümkün olmadı, səbəbi də bəllidir. ATƏT-in Minsk qrupu 1992-ci ildən münaqişənin “dondurulması”na xidmət edən siyasət həyata keçirdi. Ötən illər ərzində bir sıra beynəlxalq təşkilatlar kimi ATƏT-in Minsk Qrupu “Münaqişənin hərbi həlli yoxdur” tezisini əlində bayraq edərək, Ermənistanda arxayınlıq və cəzasızlıq sindromunun formalaşmasına şərait və imkan yaratmışdılar”.

Deputatın sözlərinə görə, nəticədə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də qarşı çıxdı, onlara məhəl qoymadı və beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi:

“Prezident İlham Əliyevin Qarabağda yaşayan erməni azlığı ilə bağlı səsləndirdiyi fikirlərin də xüsusi əhəmiyyət daşıdığını bəyan etdi. Vurğuladı ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Qeyd etmək lazımdır ki, yüksək səviyyədə keçirilmiş bu mötəbər forum bir daha Azərbaycanın siyasi, iqtisadi və mədəni cəhətdən təkcə regional deyil, həm də qlobal dialoq məkanına çevrildiyinin göstəricisidir. Bildiyimiz kimi, bugünədək keçirilən forumlarda dünyanın bir çox tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər. Möhtərəm Prezidentimiz dərin məzmunlu çıxışında səsləndirdiyi ; “Birinci Forumdan başlayaraq bütün forumlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışılırdı. Artıq münaqişə başa çatıb. Dövlətimizin başçısı qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini səsləndirdi və Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”. bu fikirləri ilə mötəbər tədbirin əhəmiyyətini vurğulamışdır. Forumda yeni dünya nizamına təhdid yaradan amillər, təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər, bölünmüş dünyada dayanıqlılığın qurulması, onun qlobal sülhə təsiri, qarşıda duran çağırışların həlli yolları, dünyanı sarsıdan münaqişələr, kürəsəl təhdidlər, eyni zamanda iqlim, qida və nüvə təhlükəsizliyi kimi çox aktual məsələlər müzakirə olunmuş, postpandemiya dövründə görülməsi vacib olan işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. X Bakı Forumunda dünyada ilbəil artan qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin, daha geniş miqyaslı miqrasiyanın qarşısının alınması üçün önləyə biləcək tədbirlər də müzakirə mövzusu olubdur. Xüsusi vurğulamaq lazımdır ki, Məhz bugün möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki böyük nüfuzunun və eləcə də ölkəmiz dünyada güclü və etibarlı tərəfdaş kimi tanınır. Beləliklə də sayca onuncusu olan Qlobal Bakı Forumu həm Azərbaycan həqiqətlərinin, həm də müasir dövrün çağırışlarının müzakirə olunduğu mühüm platformadır”.

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR