Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və “PashaPay” şirkətinin birgə təşkilatçılığı ilə “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda növbəti təlim proqramı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Quba regional “ASAN xidmət” mərkəzində baş tutan tədbir 22 İyul – Milli Mətbuat Gününə həsr olunub. Təlimdə ölkənin müxtəlif media qurumlarından 60-a yaxın nümayəndə iştirak edib.
Proqramın əsas məqsədi media sahəsində çalışan şəxslərə süni zəka texnologiyalarının imkanlarını tanıtmaq, innovativ və yaradıcı yanaşmaların tətbiqini təşviq etməkdir.
Tədbirin açılışında ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri təqdim olunub, təlim proqramının əhəmiyyəti vurğulanıb. Ardınca iştirakçılara süni zəka alətləri, trendlər, mövcud problemlər və inkişaf perspektivləri barədə geniş məlumat verilib. Sessiyalar real nümunələr və vörkşoplarla müşayiət olunub.
Təlim çərçivəsində “Biz birlikdə güclüyük” devizi altında “Komanda işində birlik!” mövzusunda art terapiya seansı da təşkil edilib. Tədbir interaktiv müzakirə və dialoq formatında davam edib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.