• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Vaşinqton görüşü dünya mediasında - FOTOLAR - YENİLƏNİB

MEDİA

08 Avqust 2025 | 15:54

Vaşinqton görüşü dünya mediasında - FOTOLAR - YENİLƏNİB

Bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında “Tarixi Sülh Zirvəsi” keçiriləcək. Dünya mediası bu görüşü son illərin ən mühüm diplomatik hadisələrindən biri kimi qiymətləndirir.

Zirvənin tarixi əhəmiyyəti

Bakıvaxtı.az xəbər verir ki, bu üçtərəfli görüş, Cənubi Qafqazda onilliklərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəli atılmış mühüm addım hesab olunur. Diplomatik mənbələrə görə, tərəflər yalnız atəşkəs və sərhəd məsələlərini deyil, həm də uzunmüddətli iqtisadi əməkdaşlıq, ticarət və nəqliyyat əlaqələrinin bərpası üzərində razılıq əldə etməyə çalışacaqlar.

Ağ Ev rəsmilərinin verdiyi açıqlamaya görə, zirvənin məqsədi “qalıcı sülh sazişinin imzalanması üçün siyasi iradənin möhkəmləndirilməsi”dir.

Beynəlxalq medianın reaksiyaları

Financial Times yazır ki, Vaşinqtonun təşəbbüsü ilə keçirilən sammit, Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün “nadir fürsət” kimi dəyərləndirilir. Nəşrin analitikləri hesab edir ki, əgər tərəflər razılaşmaya imza atarsa, bu, yalnız region üçün deyil, həm də qlobal enerji təhlükəsizliyi və Avrasiya nəqliyyat dəhlizləri baxımından mühüm hadisə olacaq.

Politico sammiti ABŞ diplomatiyasının son illərdə bölgədə atdığı ən iddialı addımlardan biri kimi təqdim edir. Məqalədə bildirilir ki, Vaşinqton bu prosesdə həm vasitəçi, həm də tərəflərin gələcək iqtisadi layihələrinin təminatçısı kimi çıxış etməyi planlaşdırır.

Associated Press məlumat verir ki, sülh sazişinə daxil ediləcək mühüm bəndlərdən biri “Trump Route for International Peace and Prosperity” adlı tranzit koridorunun yaradılmasıdır. Bu dəhliz region ölkələri arasında ticarət və nəqliyyat əlaqələrini bərpa etməklə yanaşı, yeni iqtisadi əməkdaşlıq imkanları da yaradacaq.

The Times of India isə yazır ki, Donald Tramp bu razılaşmanı öz sülhyaratma irsinin bir hissəsi kimi təqdim edir. Qəzetin fikrincə, Ağ Ev üçün bu diplomatik uğur yalnız Cənubi Qafqazda deyil, ümumilikdə ABŞ-ın beynəlxalq nüfuzunun möhkəmlənməsində önəmli rol oynaya bilər.

“France24” yazır ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşündə SOCAR və “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Tərəflər səfərin ikitərəfli münasibətlər və regional məsələlərin, o cümlədən Ermənistanla normallaşma prosesinin müzakirəsi üçün yaxşı fürsət yaratdığını bildiriblər.

The Hill nəşri Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünü tarixi hadisə adlandırıb. Prezident Donald Trampın uzun illər davam edən münaqişənin həlli səylərini yüksək qiymətləndirdiyi vurğulanır. Gözlənilən razılaşma çərçivəsində “Tramp marşrutu” adlı beynəlxalq dəhliz vasitəsilə Azərbaycanın əsas hissəsi Naxçıvanla birləşdiriləcək. Ermənistan isə ABŞ-a Zəngəzur dəhlizinin 99 illik eksklüziv inkişaf hüquqlarını verib. ABŞ konsorsiumu bu dəhlizdə nəqliyyat və enerji infrastrukturlarını inkişaf etdirəcək.

Anadolu Agentliyinin təhlili

Anadolu Agentliyinin yaydığı xəbərə görə, zirvə həm Ermənistan, həm də Azərbaycan üçün yeni iqtisadi və siyasi imkanlar yarada bilər. Agentlik yazır ki, planlaşdırılan razılaşma regiondakı enerji və nəqliyyat layihələrinə də müsbət təsir göstərəcək. Analitiklərə görə, bu prosesdə Türkiyə də dolayı yolla iqtisadi və geosiyasi faydalar əldə edə bilər.

Anadolu Agentliyi qeyd edir ki, tərəflər qapalı qapılar arxasında aparılacaq müzakirələrdə sülh sazişinin əsas maddələrini dəqiqləşdirəcək və mübahisəli sərhəd bölgələri üzrə konkret razılaşmalar əldə etməyə çalışacaqlar.

Görüşdən gözləntilər

Diplomatik müşahidəçilər hesab edirlər ki, əgər bu gün Vaşinqtonda saziş imzalanarsa, regionda uzun illərdir davam edən qarşıdurma tarixi dönüş nöqtəsinə çatmış olacaq. Sazişin icrası ilə bölgədə iqtisadi inteqrasiya güclənə, yeni nəqliyyat dəhlizləri açıla və enerji layihələri daha təhlükəsiz mühitdə həyata keçirilə bilər.

Məlumata görə, Zirvənin yekun bəyanatı bu gün Bakı vaxtı ilə gecə saatlarında açıqlanacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Dekabr 2025