“Bu cür əməkhaqqıların artırılmasına qarşıyam”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Tutaq ki, kimsə mənimsəmədə ittiham olunur. İstintaq aparan bilir ki, onu müdafiə etsə, ona pul gələcək. Hakim də bilir ki, ittihamı təsdiqləsə, ona pul gələcək. Biz ittiham olunanın müdafiəsini çətinləşdiririk. Biz pulları dövlətə köçürməliyik. Dövlət özü həmin şəxslərin maaşını gördükləri işin çətinliyinə görə təyin etməlidir”, – deputat bildirib.
Qeyd edək ki, qanun layihəsinə əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək:
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə, cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün araşdırma dövründə ibtidai olaraq dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilən ödənişlərdən daxil olan vəsaitin 5 faizi.
Yuxarıda göstərilən vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq.
Mina Mikayılova