"İnkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmalıyıq".
Bakıvaxtı.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda səsləndirib.
Deputat bildirib ki, inkişaf etmiş ölkələrdə şəhərsalma, infrastruktur və ekoloji tarazlıq məsələləri kompleks şəkildə nəzərə alınır. Onun sözlərinə görə, Azərbaycanda isə yerli icra hakimiyyətləri tərəfindən verilən bəzi tikinti icazələri əsaslandırılmadan təqdim olunur, sahələrdə ədalətsiz qiymətləndirmə aparılır və təkrar istifadə imkanları yetərincə dəyərləndirilmir.
“Hesab edirəm ki, bu sahədə mövcud problemlərin həlli üçün dövlət daha güclü nəzarət mexanizmləri tətbiq etməli, şəffaflığı təmin etməli və vətəndaşların rifahını nəzərə alan layihələrə üstünlük verilməlidir”, – deyə deputat qeyd edib.
Qüdrət Həsənquliyev təklif edib ki, hazırda istifadə olunmayan, lakin dövlət mülkiyyətində olan sahələr icarəyə verilə və ictimai istifadəyə yönləndirilə bilər.
“Səlahiyyətli qurumları və aidiyyəti şəxsləri bu sahədə daha təşəbbüskar və məsuliyyətli olmağa çağırıram. Çünki şəhərin gələcəyi bu gün atılan addımlardan asılıdır”, - deputat vurğulayıb.
Mina Mikayılova