• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

BMT-nin nüvə silahları ilə bağlı xəbərdarlığı: Nə baş verir? - ŞƏRH

SİYASƏT

18 Iyun 2025 | 13:58

BMT-nin nüvə silahları ilə bağlı xəbərdarlığı: Nə baş verir? - ŞƏRH

BMT baş katibinin müavini İzumi Nakamitsu dünya ictimaiyyətinə çağırış edərək nüvə silahlarının mövcudluğunun və onlardan istifadə ehtimalının insanlıq üçün ölümcül nəticələr doğura biləcəyini vurğulayıb.

O, təhlükəni aradan qaldırmağın yeganə yolunun dünyadakı bütün nüvə silah ehtiyatlarının tamamilə məhv edilməsi olduğunu bildirib.

Bakıvaxtı.az məsələ ilə bağlı siyasi şərhçi və beynəlxalq münasibətlər üzrə ekspert Züriyə Qarayevanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, BMT bu tip xəbərdarlıqları ilə beynəlxalq ictimaiyyətə siqnal göndərir ki, nüvə silahlarının mövcudluğu təkcə müharibə riski deyil, həm də texnoloji qəzalar, kibertəhlükələr və siyasi yanlışlıqlar nəticəsində bəşəriyyət üçün ciddi təhdidə çevrilə bilər.  Müsahibimiz bildirib ki, İzumi Nakamitsunun çıxışı, əslində, BMT-nin nüvə təhlükəsizliyi ilə bağlı normativ təsirini artırmaq və dövlətləri bu məsuliyyətə cəlb etmək cəhdidir. Bu, konkret hüquqi mexanizmlə deyil, ictimai və siyasi təzyiqlə təhlükəni gündəmdə saxlamaq məqsədi daşıyır.

Dövlətlərin nüvə silahından imtina etməyə hazır olub-olmamalarına gəlincə, siyasi şərhçi qeyd edib ki, realist baxsaq, nüvə silahsızlanması ilə bağlı perspektivlər hələlik çox zəifdir:

“ABŞ, Rusiya, Çin kimi nüvə gücləri bu silahları yalnız hərbi güc deyil, həm də strateji balans aləti kimi saxlayır. Eyni zamanda, Şimali Koreya nümunəsi göstərir ki, bəzi ölkələr nüvə statusunu rejimin davamlılığı üçün “təhlükəsizlik zəmanəti” kimi görür”.

Z.Qarayevanın fikrincə, nüvə silahından imtina ancaq qarşılıqlı güvən mühiti, mərhələli və beynəlxalq nəzarət mexanizmləri olduğu təqdirdə mümkün ola bilər. Hazırkı geosiyasi reallıq isə bu cür optimist ssenarilərə çox da geniş imkan vermir.

Züriyə Qarayeva, siyasi şərhçi və beynəlxalq münasibətlər üzrə ekspert

“Belə xəbərdarlıqlar beynəlxalq münasibətlərə real təsir göstərə bilərmi” saulın cavablandıran həmsöhbətimiz bildirib ki, birbaşa hüquqi nəticə doğurmasa da, bu cür çağırışlar beynəlxalq müzakirələrin və ictimai rəyin formalaşmasında mühüm rol oynayır:

“Xüsusilə silahlanma yarışının yenidən sürətləndiyi və yeni təhlükəsizlik formatlarının axtarıldığı dövrdə bu cür bəyanatlar gələcək diplomatik təşəbbüslər üçün zəmin yarada bilər. BMT-nin məqsədi də məhz bu tendensiyalara diqqət çəkmək və alternativ - yəni silahsız və daha təhlükəsiz bir gələcəyin mümkünlüyünü xatırlatmaqdır”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR