Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər təkcə iki ölkə arasında diplomatik və iqtisadi əməkdaşlıq formatında deyil, həm də ortaq tarixi köklərə, mədəni-mənəvi dəyərlərə və sarsılmaz qardaşlıq tellərinə əsaslanan çoxşaxəli və strateji tərəfdaşlıq modeli kimi xarakterizə oluna bilər. Bu münasibətlərin dayanıqlı təməlində əsrlərdən bəri formalaşan türk birliyi düşüncəsi, qarşılıqlı etimad və dövlət başçılarının uzaqgörən siyasəti dayanır.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı danışıb.
Deputat bildirib ki, son illərdə Azərbaycan-Türkmənistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsi, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət kursunun nəticəsidir:
“Prezident İlham Əliyevin liderliyi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan regionda sabitliyin dayağı, tərəfdaşlıq münasibətlərində isə etibarlı mövqeyə sahib bir dövlət kimi çıxış edir. Türkmənistanla münasibətlər də bu siyasi xəttin vacib istiqamətlərindən biridir. Dövlət başçımızın Aşqabadla əlaqələrin inkişafına verdiyi xüsusi önəm bu gün iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib".
Günay Ağamalı qeyd edib ki, Azərbaycanla Türkmənistan arasındakı siyasi dialoq dostluq və qarşılıqlı hörmət üzərində qurulub. Bu isə əməkdaşlığın yalnız iqtisadi və enerji sektorları ilə məhdudlaşmadığını, eyni zamanda nəqliyyat, logistika, humanitar və parlamentlərarası əlaqələr sahələrində də geniş miqyas aldığını göstərir.
Deputat enerji sahəsindəki əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, 2021-ci ildə Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə olunmuş razılaşma, iki dövlətin strateji baxışlarının üst-üstə düşdüyünü və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir:
“Bu cür razılaşmaların əldə olunması yalnız iqtisadi maraqlardan doğmur. Bu, iki ölkə arasında olan qarşılıqlı inamın, ortaq məqsədlərin və regional əməkdaşlıq ruhunun nəticəsidir. Eyni zamanda, Azərbaycanın geostrateji mövqeyi, onun tranzit imkanları və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu Türkmənistanın təbii ehtiyatlarının – xüsusilə təbii qazın – Avropa bazarlarına çıxarılmasında mühüm rol oynaya bilər. Bu istiqamətdə də ortaq iradə və siyasi konsensus mövcuddur".
Millət vəkili əlavə edib ki, son statistik göstəricilər də bu əməkdaşlığın konkret nəticələr verdiyini sübut edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 383 milyon ABŞ dollarına çatması və bu artım tempinin 2025-ci ilin ilk aylarında da qorunub saxlanması iqtisadi sahədə də qarşılıqlı maraqlara əsaslanan səmərəli tərəfdaşlığın göstəricisidir.
Günay Ağamalı, Milli Məclisin deputatı
Parlamentlərarası əlaqələrə toxunan parlamentari vurğulayıb ki, Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi arasında imzalanmış Anlaşma Memorandumu qanunverici orqanların da bu münasibətlərin inkişafına verdiyi töhfənin göstəricisidir:
“Parlamentlərarası əməkdaşlıq yalnız qanunvericilik sahəsində təcrübə mübadiləsi deyil, eyni zamanda dövlətlərarası münasibətlərin möhkəmlənməsində ictimai və siyasi platformaların qarşılıqlı dəstəyi kimi mühüm əhəmiyyət daşıyır".
Türk Dövlətləri Təşkilatında əməkdaşlıq perspektivlərinə də toxunan deputat bildirib ki, Azərbaycan vahid türk dünyasının güclənməsi və inteqrasiyası prosesində Türkmənistanın da fəal iştirakında maraqlıdır:
“Türkmənistanın bu təşkilatda tamhüquqlu üzv kimi təmsil olunması, türk xalqlarının siyasi və mədəni inteqrasiyasına mühüm töhfə verə bilər. Bu əməkdaşlıq yalnız dövlətlərarası münasibətlərin deyil, həm də ortaq türk kimliyinin təbliği, mədəni-humanitar əlaqələrin inkişafı baxımından olduqca vacibdir".
Sonda deputat qeyd edib ki, Azərbaycanla Türkmənistan arasındakı əlaqələr regionda sabitliyin və davamlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir:
“Bu münasibətlər təkcə bugünkü geosiyasi konfiqurasiyalara deyil, eyni zamanda ortaq tarixi irsimizə, ortaq gələcəyə hesablanıb. Əminliklə deyə bilərik ki, Azərbaycan-Türkmənistan tərəfdaşlığı gələcək illərdə daha da dərinləşəcək və yeni nailiyyətlərlə zənginləşəcək".
Əli Hüseynov