"Naxçıvan uzun illərdir Azərbaycanın digər bölgələri ilə müqayisədə bir qədər geridə qalıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, bu səbəbdən bəzən Naxçıvan “məmurlar, nazirlər ölkəsi” kimi təqdim olunub.
" Mən tələbə vaxtı Bakıya gələndə, həmçinin regionlara səfər edəndə müxtəlif növ tikililər gördüm. Naxçıvanda isə binanın küncünə kimsə iki "kubik" qoyurdusa iki ay onu sorğuya çəkirdilər".
Naxçıvanın balaca yer olduğunu deyən deputat bildirib ki, onun muxtar statusunun saxlanılmasına ehtiyacın olub-olmadığı nəzərdən keçirilməlidir:
"Artıq Zəngəzur dəhlizinin açılması ilə yeni imkanlar yaranır və bu kontekstdə muxtariyyət məsələsi də yenidən dəyərləndirilməlidir".
Eyni zamanda parlamentari söyləyib ki, bölgədəki sosial-iqtisadi məsələlər də diqqət mərkəzində saxlanmalıdır:
"Bu gün Naxçıvanda iş yerləri yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmalı deyil. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır. İnsanların evində qaz var, amma qazı yandırmağa, onun pulunu verməyə imkanları yoxdur. Bu baxımdan, odun yandırırlar. Çalışmaq lazımdır ki, Azərbaycanda dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin".
Mina Mikayılova