• Bakı 29° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Qarabağdan qlobal gündəmə – Media Forumunun Xankəndi mesajları

SİYASƏT

21 Iyul 2025 | 10:02

Qarabağdan qlobal gündəmə – Media Forumunun Xankəndi mesajları

III Şuşa Media Forumu Azərbaycanın postmünaqişə dövründə informasiya siyasətində və regional diplomatiyada mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Forum ölkəmizin tarixi zəfərinin mədəni, siyasi və informasiya müstəvisində beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də media sahəsində əməkdaşlığın genişləndirilməsi üçün strateji platforma rolunu oynayır. Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl siyasət, forumun əsas mövzularından biri kimi diqqət mərkəzindədir.

Tədbir həm də rəqəmsal çağın çağırışlarına cavab olaraq informasiya təhlükəsizliyi, media dayanıqlılığı və süni intellekt kimi məsələlərin müzakirəsinə şərait yaradır. Ümumiyyətlə, Forum Azərbaycan dövlətinin beynəlxalq arenada sülhsevər və konstruktiv siyasətini təmsil edir, ölkənin regionda nüfuzunun artmasına və informasiya məkanında söz sahibi olmasına töhfə verir. III Şuşa Media Forumu eyni zamanda, ölkəmizin media potensialının gücləndirilməsi və dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, III Şuşa Media Forumu Azərbaycan üçün yalnız media sahəsində əməkdaşlığın genişlənməsi deyil, həm də milli tariximizin ən önəmli dönəmlərinin yenidən xatırlanması və gələcəyə inamın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“Forumda müzakirə olunan mövzular ölkəmizin keçdiyi çətin və qürurverici yolun, əldə olunan uğurların bariz göstəricisidir. Tədbirin əsas mövzularından biri Prezident İlham Əliyevin atasının vəsiyyətinin həyata keçirilməsi məsələsinin xüsusi vurğulanması oldu. Bu vəsiyyət Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və işğaldan azad edilmiş torpaqların geri qaytarılması istiqamətində davam edən ardıcıl siyasətin təməlini təşkil edir. Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji xətt 44 günlük Vətən müharibəsində öz ən yüksək nöqtəsinə çatdı".

Parlament üzvü forumda Prezident İlham Əliyevin Şuşanın azad olunması zamanı səsləndirdiyi tarixi nitqin xatırlanmasının önəmindən də danışıb:

“Bu nitq yalnız hərbi qələbənin elanından ibarət olmayıb, həm də min illər boyu davam edən haqq mübarizəsinin nəticəsinin təzahürüdür. Şuşanın azadlığı Azərbaycan xalqının milli ruhunun dirçəlişi və ədalətin bərpası deməkdir. Tədbirdə keçmişlə indiki vəziyyətin müqayisəsi də xüsusi yer aldı. Bir neçə il öncə Xankəndiyə uzaqdan baxmaq məcburiyyətində olan xalqımızın bu gün həmin ərazidə beynəlxalq səviyyəli media forumu keçirməsi böyük nailiyyətimizin əyani sübutudur".

Naqif Həmzəyev, Milli Məclisin deputatı

Naqif Həmzəyev qeyd edib ki, III Şuşa Media Forumu Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun əlamətidir:

“Bu, həmçinin ölkəmizin sülh və dialoq tərəfdarı olduğunu dünya ictimaiyyətinə nümayiş etdirir. Forum media sahəsində beynəlxalq əlaqələrin genişlənməsi, həqiqi jurnalistikanın dəstəklənməsi və saxta məlumatlarla mübarizənin gücləndirilməsi baxımından vacib platformadır".

Deputat bildirib ki, III Şuşa Media Forumu Azərbaycan qələbəsinin yalnız hərbi-siyasi yox, mədəni və informasiya sahəsində də təzahürüdür:

“Cıdır Düzündən Xankəndiyə, yad diyarlardan öz doğma torpaqlarımıza gedən yol ölkəmizin böyük dəyişiminin simvoludur. Bu tədbir həm keçmişə ehtiram, həm də gələcəyə inamın ifadəsidir. Atanın vəsiyyətinin həyata keçirilməsi prosesi davam edir və III Şuşa Media Forumu bu uzun və möhtəşəm yolun yeni mərhələsidir. Qələbədən sonra quruculuq dövrü ölkəmizin həm daxili inkişafına, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir".

Əli Hüseynov


SON XƏBƏRLƏR