• Bakı 24° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Regional inkişafın Azərbaycan modeli: Tərəqqiyə doğru yeni addımlar

SİYASƏT

25 Iyun 2025 | 10:22

Regional inkişafın Azərbaycan modeli: Tərəqqiyə doğru yeni addımlar

Müasir Azərbaycanın uğurlu inkişaf modeli təkcə paytaxt Bakının deyil, ölkənin bütün regionlarının sosial-iqtisadi dirçəlişi ilə səciyyələnir.

Bu gün respublikamızın hər bir guşəsində müşahidə olunan genişmiqyaslı quruculuq, abadlıq və infrastruktur layihələrinin arxasında güclü siyasi iradə və uzaqgörən liderlik dayanır. Prezident İlham Əliyevin ölkənin bütün bölgələrinə ardıcıl səfərləri, hər bir şəhər və kənddə yerindəcə problemlərlə tanış olması, vətəndaşların təklif və istəklərinə bilavasitə reaksiya verməsi Azərbaycanın regional inkişaf strategiyasının əsas hərəkətverici qüvvəsidir.

Azərbaycan Prezidenti təkcə işğaldan azad olunmuş torpaqlarda deyil, ölkənin bütün regionlarında bərpa və inkişaf proseslərini daim şəxsi nəzarətində saxlayır. Onun hər bir səfəri yeni layihələrin startı, sosial və iqtisadi infrastrukturun yenilənməsi və regionların həyatına yeni nəfəs gətirən açılışlarla yadda qalır. Son dövrlərdə Yevlax, Goranboy və Mingəçevirdə reallaşan mühüm tədbirlər də bu siyasətin bariz nümunəsidir. Xüsusilə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur və ölkənin strateji dayanıqlığını daha da gücləndirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat, Milli Məclisin əbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım bildirib ki, İlham Əliyev ölkəmizin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır. Bölgələrin inkişafına dair dövlət başçısının geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi buna sübutdur. Azərbaycan Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir.

Deputat qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət siyasətində əsas prioritetlərdən biri olsa da, ölkənin digər bölgələrində də dayanıqlı və dinamik inkişaf prosesi sürətlə davam edir. Prezident İlham Əliyevin respublikanın müxtəlif şəhər və rayonlarına mütəmadi səfərləri hər dəfə yeni layihələrin icrası, açılış mərasimləri və bölgələrin inkişaf tempinin artması ilə yadda qalır. Dövlət başçısı hər səfəri zamanı yeni istehsal müəssisələrinin, sosial və iqtisadi əhəmiyyət daşıyan infrastruktur obyektlərinin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edərək regional inkişaf prosesinə yeni nəfəs verir. Prezident İlham Əliyevin son səfərləri – Yevlax, Goranboy və Mingəçevirdə həyata keçirilən açılışlar da bunun növbəti təsdiqidir.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsləri və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya fərqli və özünəməxsus inkişaf modeli təqdim edir. Bu modelin əsas fərqləndirici xüsusiyyəti isə ölkənin bütün bölgələrinin tarazlı və davamlı inkişafına xidmət etməsidir. Uğurların əsasında dayanan mühüm amillərdən biri də sosial-iqtisadi layihələrin reallaşmasına şəxsən dövlət başçısının nəzarət etməsidir. Prezident İlham Əliyev ölkənin gələcək inkişaf məqsədləri ilə bağlı mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış edir və eyni zamanda onların yerinə yetirilmə prosesinə birbaşa rəhbərlik edir. Hər bölgəyə səfəri zamanı dövlət başçısı yerli sakinlərlə səmimi görüşlər keçirir, onların arzu və təkliflərini dinləyir, bu sosial sifarişlər nəzərə alınaraq yeni layihələrin əsasını təşkil edir.

Fatma Yıldırım, Milli Məclisin deputatı

Parlamentari əlavə edib ki, müasir infrastruktur quruculuğu Azərbaycanın regional inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və sərəncamlar nəticəsində ölkənin bütün bölgələrində müxtəlif infrastruktur layihələri uğurla həyata keçirilib. Bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer almaqdadır.

Son olaraq Fatma Yıldırım vurğulayıb ki, son illərdə icra olunan infrastruktur layihələrinin əksəriyyəti sosial yönümlü xarakter daşıyır. Prezidentin regionlara son səfəri zamanı da sosial təyinatlı obyektlər ön planda olub. Bu fakt bir daha sübut edir ki, Azərbaycan sosialyönümlü dövlət siyasətini ardıcıl və prinsipial şəkildə davam etdirir. Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası isə ölkənin enerji sahəsində əlamətdar hadisədir. Bu stansiya Azərbaycanın enerji potensialını nəzərəçarpacaq dərəcədə artıracaq. 1880 meqavat gücündə olan bu iri enerji müəssisəsi təkcə ölkənin elektrik istehsal imkanlarını genişləndirməyəcək, həm də ümumi enerji sisteminin səmərəliliyini daha da yüksəldəcək. Nəticədə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqaz regionunun əsas enerji mərkəzi kimi mövqeyi daha da möhkəmlənəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR