Ukrayna-Rusiya müharibəsi artıq iki ildən çoxdur davam edir və bu müddət ərzində tərəflər arasında münasibətlər daha da gərginləşib. Müharibənin yaratdığı humanitar fəlakətlər, dağıntılar və regional sabitliyə vurduğu zərbə beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla izlənilir. Bu şəraitdə danışıqlar masasına dönüş və siyasi həll yollarının axtarışı gündəmin əsas mövzularından birinə çevrilib.
Məhz bu kontekstdə Ukrayna tərəfi yeni bir təşəbbüslə çıxış edib. Ukrayna nümayəndə heyətinin rəhbəri, eyni zamanda ölkənin müdafiə naziri olan Rüstəm Umerov bəyan edib ki, Kiyev avqustun sonunadək Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüşün keçirilməsini təklif edir. Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlara hazır olduğunu nümayiş etdirməli və bu prosesi konkret addımlarla təsdiqləməlidir. Umerov bildirib ki, Ukrayna tərəfi tam və qeyd-şərtsiz atəşkəsdə israr edir və bu atəşkəs ilk növbədə mülki əhalinin və kritik infrastrukturun təhlükəsizliyini təmin etməlidir.
Rusiya rəhbərliyi bu görüşə və qeyd-şərtsiz atəşkəsə razılıq verməyə hazırdırmı, yoxsa münaqişə daha da uzanacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a politoloq Abutalıb Səmədov bildirib ki, hazırkı situasiyada belə bir görüşün baş tutması ehtimalı olduqca zəif görünür. Rusiya tərəfi liderlər səviyyəsində danışıqların baş verməsi üçün əvvəlcədən hüquqi və siyasi sənədlərin hazırlanmasını zəruri sayır. Bu isə o deməkdir ki, Moskva mümkün görüşə yalnız konkret razılaşmalar və öhdəliklər çərçivəsində yanaşmağa üstünlük verir:
"Digər tərəfdən, Ukrayna Prezidenti də bəyan edib ki, liderlər arasında görüşün mənalı və nəticəverici olması üçün öncədən razılaşdırılmalı çoxsaylı məqamlar var. Əks halda, sadəcə görüntü naminə keçirilən görüş heç bir real nəticə verməyəcək".
Onun sözlərinə görə, Kiyev humanitar və hərbi yardımların davam etməsini vacib hesab edir. Rusiya isə hazırda bu tip güzəştlərə getməyə meyilli görünmür:
"Təəssüf ki, ABŞ hazırda birbaşa hərbi yardım göstərməyə maraqlı görünmür və mövcud vəziyyətdə məsuliyyətin əsas hissəsini Avropa ölkələrinin üzərinə yönəltməyə çalışır. Halbuki, bu prosesin effektiv şəkildə həyata keçirilməsi üçün 40 milyard dollardan artıq maliyyə vəsaiti tələb olunur. Mövcud iqtisadi və siyasi vəziyyətdə Avropa İttifaqının bu miqyasda yükü təkbaşına daşıya bilmə potensialı ciddi şəkildə sual altındadır. Moskvanın mövcud ritorikası və hərbi fəallığı göstərir ki, Vladimir Putin münaqişəni genişləndirmək və yeni əraziləri işğal etməklə üstünlük əldə etməyə çalışır. Bu isə onu deməyə əsas verir ki, Rusiya tərəfi nə atəşkəsə, nə də kompromisə real şəkildə açıqdır. Belə olan halda, sülh təşəbbüsləri siyasi ritorika səviyyəsində qalmaqda davam edir, münaqişənin yaxın perspektivdə həlli isə real görünmür".
Əli Hüseynov