• Bakı 22° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Regional sülh prosesi: İranın mövqeyi və Azərbaycanın maraqları

SİYASƏT

25 Sentyabr 2025 | 13:31

Regional sülh prosesi: İranın mövqeyi və Azərbaycanın maraqları

Ermənistanın ədliyyə naziri Srbui Qalyan iranlı həmkarı Əmin Hüseyn Rəhiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli hüquqi əməkdaşlıq məsələləri ilə yanaşı, regional müstəvidə sülhün və sabitliyin təmin olunması barədə də fikir mübadiləsi aparılıb.

İranın ədliyyə nazirinin diqqət çəkdiyi əsas məqam isə “regional sülh prosesi” anlayışıdır. Bu proses birbaşa olaraq Azərbaycanla Ermənistan arasında gedən danışıqlara, tərəflərin imzalayacağı sülh müqaviləsinə, eləcə də Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasına bağlıdır.

Regionda baş verən hər bir diplomatik və hüquqi təşəbbüs Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Çünki Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıq Azərbaycanın maraqlarını əsas prioritet kimi önə çıxarıb. İranın bu mərhələdə Ermənistanla əməkdaşlıqdan danışarkən sülh prosesinə xüsusi vurğu etməsi həm regional güclərin maraqlarının toqquşmasını, həm də bölgədə yeni əməkdaşlıq platformalarının formalaşmasını göstərir.

Burada diqqət çəkən əsas sual budur: İranın dəstəklədiyi sülh təşəbbüsləri real olaraq hansı ölkələr arasında davam edir və onların nəticələri Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına necə təsir edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Ədliyyə Nazirliyi üzərindən yayılan məlumat diqqət çəkir. Bu, ilk növbədə qanunverici aktların, beynəlxalq müqavilələrin hüquqi tərəflərinin, onların iki dövlət arasındakı münasibətlərə göstərə biləcəyi təsirin ön plana çıxması ilə bağlıdır:

"Məhz buna görə də səfər önəmlidir və dərhal müzakirə mövzusu doğurur: İran nəyi dəstəkləyir? Çünki bu günə qədər İran Zəngəzur dəhlizi məsələsində qırmızı xətt çəkərək Azərbaycana qarşı ciddi təhdidlərlə çıxış edirdi. İndi isə rəsmi bəyanatlarda Azərbaycanın müəyyən proseslərinə dəstək ifadə olunur".

Əziz Əlibəyli: Burada əsas məsələ öhdəliklərin icrasıdır

Onun sözlərinə görə, bu, Azərbaycanın maraqlarına müsbət təsir göstərməlidir. İranın mövqeyi, həmçinin Türkmənistanla hüquqi aktların dilini müəyyənləşdirməsi, şübhəsiz ki, müqavilələrin icrasına təsir göstərəcək. Azərbaycan üçün reallıq yalnız imzalanan sənədlərdən ibarət deyil, həm də Vətən müharibəsindən sonra yaranmış yeni vəziyyətdir. Bu reallıq güc faktoruna əsaslanır və beynəlxalq hüquq da Azərbaycanın haqlı mövqeyini təsdiqləyir.

"Burada əsas məsələ öhdəliklərin icrasıdır. İran imkan yaratmalıdır ki, qəbul edilən öhdəliklər yerinə yetirilsin. Ermənistan isə həm müharibənin məğlubu, həm də sülh müqaviləsini paraflayan tərəf kimi bu prosesdə nəticələrin əldə olunmasına töhfə verməlidir. Bu, regional baxımdan da önəmlidir",- deyə Əziz Əlibəyli diqqətə çatdırıb.

Həmsöhbətimiz vurğulayıb ki, Qafqazda yenidən münaqişə vəziyyəti yaransa, bu, nə 2020-ci ilin siyasi mühiti, nə də ondan əvvəlki dövrlər olacaq:

“İki-üç ay əvvəl İran-İsrail qarşıdurmasının şahidi olduq. Belə bir şəraitdə İran sərhədində yeni münaqişənin alovlanması, heç şübhəsiz, İranın özündə də gərginlik yaradacaq”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

24 Sentyabr 2025