• Bakı 22° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Rəsmiyyət arxasında rasizm: Moskvanın "pərdə arxası"nda nələr yatır?

SİYASƏT

30 Iyun 2025 | 11:05

Rəsmiyyət arxasında rasizm: Moskvanın pərdə arxasında nələr yatır?

Son günlər Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr cəmiyyətdə haqlı narahatlıq və hiddət doğurub.

Təəssüf ki, bu, ilk belə hadisə deyil və son illərdə azərbaycanlılara qarşı təzyiq, ayrı-seçkilik və zorakılıq halları təkrarlanmağa davam edir. Bütün bu baş verənlər insan haqları və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə də zərər vurur. Azərbaycan dövləti öz ərazisində yaşayan müxtəlif millətlərin hüquqlarını qorumağa, onlar üçün bərabər şərait yaratmağa hər zaman önəm verib. Lakin Rusiyada baş verən son vəhşiliklər bu ölkədə multikultural dəyərlərin və tolerantlığın təhlükə altında olduğunu göstərir. Azərbaycan cəmiyyəti və rəsmi dairələr bu cür hərəkətlərin səbəblərinin araşdırılmasını və məsuliyyət daşıyan şəxslərin cavab verməsini haqlı olaraq tələb edirlər.

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu cür hadisələr ilk dəfə baş vermir. Əvvəlki dövrlərdə də azərbaycanlılara qarşı müxtəlif dövrlərdə oxşar zorakılıq və ayrı-seçkilik halları müşahidə olunub. Azərbaycan dövləti daim çalışıb ki, Rusiya ilə münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qorusun. Hazırda Azərbaycanda 100 mindən artıq rus yaşayır və onlar dövlətin qayğısı ilə əhatə olunublar. Onlar üçün ölkədə ən yüksək şərait yaradılıb və azərbaycanlılarla tam bərabər hüquqlara malikdirlər.

Parlament üzvünün sözlərinə görə, təəssüf doğuran məqam budur ki, son hadisələr Rusiyada vəziyyətin tamamilə fərqli olduğunu üzə çıxarır. Azərbaycanlılara qarşı məqsədli şəkildə ardıcıl və sistemli şəkildə təzyiq və zorakılıq halları həyata keçirilir. Bu, təkcə bir xalqın hüquqlarının pozulması deyil, eyni zamanda Rusiyanın öz çoxmillətli cəmiyyəti üçün də təhlükəli presedent yaradır.

Ceyhun Məmmədov: Rusiya bu cür halların təkrarlanmaması üçün siyasətinə yenidən baxmalı və müvafiq düzəlişlər etməlidir

Deputatın fikrincə, baş verənlər Rusiyada ayrı-seçkiliyin və faşizm təmayüllərinin dövlət siyasətinə çevrildiyini göstərir. Bu isə gələcəkdə daha çox Rusiyanın özünün ciddi problemləri ilə nəticələnə bilər. Çünki bu ölkədə onlarla millətin nümayəndəsi yaşayır və onlar uzun illərdir bu ölkənin formalaşmasında, quruculuğunda iştirak ediblər:

"Bu gün Rusiya hüquq-mühafizə orqanları həmin xalqlardan birinə - azərbaycanlılara qarşı vəhşilik və qəddarlıq nümayiş etdirir. Bu qəbuledilməzdir. Azərbaycan cəmiyyəti və dövləti olaraq Rusiyadan bu davranışlara aydın və rəsmi izahat verilməsini tələb edirik. Bu hadisələr sadə və təsadüfi proseslər deyil, rəsmi strukturların iştirakı ilə həyata keçirilmiş qanun pozuntularıdır. Məhz buna görə də Rusiya bu cür halların təkrarlanmaması üçün siyasətinə yenidən baxmalı və müvafiq düzəlişlər etməlidir".

Müsahibimiz onu da qeyd edib kiI, bu cür addımlar Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərə də ziddir və qarşılıqlı etimadı ciddi şəkildə sarsıdır. Bu, yalnızca bir vətəndaş məsələsi deyil, həm də iki dövlət arasındakı strateji əməkdaşlığın taleyinə təsir edə biləcək ciddilikdə məsələdir.

Əli Hüseynov


SON XƏBƏRLƏR