Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlər dərin tarixi köklərə dayanır və orta əsrlərdə Venesiya və Genuya tacirlərinin Azərbaycana səfərləri ilə formalaşmağa başlayıb. İyirminci əsrdə, xüsusilə İkinci Dünya Müharibəsi dövründə İtaliya ərazisində faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların fəaliyyəti də bu əlaqələrin tarixi yaddaşında mühüm yer tutur. İki xalq arasında mədəni yaxınlıq və oxşarlıqlar da humanitar əlaqələrin inkişafına əlavə stimul verir.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Azər Allahverənov deyib.
O xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və ötən illər ərzində ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
“Xüsusilə 2020-ci ildə Roma şəhərində imzalanan çoxölçülü strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Bu sənəd əməkdaşlığın genişləndirilməsi üçün əsas yol xəritəsi kimi qiymətləndirilir”.
Həmsöhbətimizin sözlərinə görə, parlamentlərarası əlaqələr və imzalanmış çoxsaylı sənədlər əməkdaşlığın institusional bazasını gücləndirib.
“İqtisadi sahədə İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Cənubi Qafqazda ən böyük iqtisadi dövriyyə məhz iki ölkə arasında formalaşır. Enerji sektoru bu münasibətlərin əsas sütununu təşkil edir. Azərbaycan uzun illərdir İtaliyaya neft tədarük edir, TAP layihəsi isə Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir”, – deyə deputat qeyd edib.

Azər Allahverənov, deputat
O əlavə edib ki, son illərdə ticarət dövriyyəsinin təxminən iki dəfə artaraq 6 milyard dollardan 12 milyard dollara yüksəlməsi əməkdaşlığın dinamik inkişafını göstərir.
“İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfəri də ikitərəfli münasibətlərin yüksək siyasi əhəmiyyətini bir daha təsdiqləyir. Gələcəkdə hərbi-sənaye, humanitar və təhsil sahələrində, o cümlədən İtaliya universitetlərinin Azərbaycanda fəaliyyəti istiqamətində yeni əməkdaşlıq imkanları mövcuddur”, – deyə o vurğulayıb.
Sonda deputat qeyd edib ki, beynəlxalq platformalarda İtaliyanın Azərbaycanın mövqeyinə verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlıq çərçivəsində inkişaf edərək həm Avropa İttifaqı müstəvisində, həm də regional enerji təhlükəsizliyində mühüm rol oynayan çoxşaxəli və sabit əməkdaşlıq modeli kimi çıxış edir”.
Murad İsmayıl
Bakı 




