• Bakı 21° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Cənubi Qafqaz uğrunda yeni rəqabət: ABŞ və Rusiya regionda hansı oyunu qurur?

SİYASƏT

04 Iyun 2026 | 10:01

Cənubi Qafqaz uğrunda yeni rəqabət: ABŞ və Rusiya regionda hansı oyunu qurur?

Son həftələr Cənubi Qafqaz yenidən böyük güclərin geosiyasi rəqabətinin əsas məkanlarından birinə çevrilib. ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın Vaşinqtonun Cənubi Qafqazda fəallaşmasından narahat olması ilə bağlı açıqlamaları beynəlxalq mediada geniş müzakirə olunur.

Bu bəyanatlar təsadüfi deyil. Çünki ABŞ son aylarda Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayıb, regionun nəqliyyat-kommunikasiya layihələrinə marağını artırıb və Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında yeni geoiqtisadi körpü kimi qiymətləndirdiyini nümayiş etdirib. Eyni zamanda, Ermənistanın Qərbə inteqrasiya kursunu sürətləndirməsi, Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi və ABŞ-nin regionda daha aktiv diplomatik xətt yürütməsi Moskvanın narahatlığını artırır.

Beynəlxalq analitik mərkəzlər də qeyd edirlər ki, Ukrayna müharibəsindən sonra Rusiya post-sovet məkanında təsir imkanlarını qorumağa çalışdığı halda, ABŞ və Avropa bu boşluqları doldurmağa çalışır. Belə bir şəraitdə Cənubi Qafqaz artıq yalnız regional deyil, qlobal güclər arasında nüfuz uğrunda mübarizənin vacib istiqamətlərindən birinə çevrilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin regiona marağı təkcə Ermənistanla münasibətlərdən ibarət deyil. Vaşinqton Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantı nöqtəsi kimi görür. Xüsusilə enerji marşrutları, nəqliyyat dəhlizləri və kritik xammal resurslarına çıxış məsələləri ABŞ siyasətində ön plana çıxıb. Son aylarda Ermənistanla imzalanan strateji tərəfdaşlıq sənədləri və regional tranzit layihələrinə verilən dəstək bunu açıq şəkildə göstərir.

Onun sözlərinə görə, ABŞ həm də regionda Rusiyanın təsir imkanlarının zəiflədiyi qənaətindədir və yaranmış geosiyasi boşluqda daha aktiv rol almağa çalışır. Bu səbəbdən Cənubi Qafqaz yaxın illərdə Vaşinqtonun xarici siyasət prioritetlərindən biri olaraq qalacaq.

Müsahibimizin dediyinə görə, Rusiya Cənubi Qafqazı uzun illər öz ənənəvi təsir zonası hesab edib. Moskva üçün Ermənistanın Qərbə yaxınlaşması və ABŞ ilə strateji əməkdaşlığı təhlükəsizlik və nüfuz məsələsi kimi qəbul olunur:

“Son dövrlər Rusiya rəsmilərinin Ermənistanın Avropa kursunu tənqid etməsi və iqtisadi təzyiq mesajları verməsi də bunun göstəricisidir. Kreml hesab edir ki, Qərbin regionda möhkəmlənməsi gələcəkdə Rusiyanın siyasi, iqtisadi və hərbi mövqelərini zəiflədə bilər. Xüsusilə Ukrayna müharibəsinin davam etdiyi şəraitdə Moskva post-sovet məkanında yeni geosiyasi itkilərlə üzləşmək istəmir. Buna görə də ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqaz istiqamətində daha da dərinləşəcəyini gözləmək olar”.

Züriyə Qarayeva: ABŞ-Rusiya rəqabəti Cənubi Qafqaz istiqamətində daha da dərinləşəcə bilər

Bu rəqabət Azərbaycan üçün yaratdığı imkanlara və risklərə gəlincə, politoloq bildirib ki, Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkə balanslaşdırılmış xarici siyasət yürüdür və heç bir geosiyasi blokun alətinə çevrilmək niyyətində deyil. ABŞ-nin regiona marağının artması enerji layihələri, investisiyalar və nəqliyyat dəhlizləri baxımından yeni imkanlar yarada bilər:

“Digər tərəfdən, Rusiya ilə münasibətlərin qorunması da Azərbaycanın regional sabitlik strategiyasının mühüm hissəsidir. Bakı son illərdə göstərib ki, müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq edə bilir. Əsas vəzifə böyük dövlətlər arasındakı rəqabətin region ölkələri üçün qarşıdurma mühitinə çevrilməsinin qarşısını almaqdır. Azərbaycan məhz bu səbəbdən özünü rəqabətin obyekti deyil, regional proseslərin fəal subyekti kimi təqdim etməyə çalışır”.

“ABŞ və Rusiya arasında Cənubi Qafqaz uğrunda rəqabət gələcəkdə hansı nəticələrə səbəb ola bilər” sualını cavablandıran həmsöhbətimizə görə,  yaxın perspektivdə regionda diplomatik fəallığın daha da artacağını gözləmək olar. Onun bildirdiyinə görə, ABŞ, Avropa İttifaqı və Rusiya müxtəlif formatlarda təsir imkanlarını genişləndirməyə çalışacaqlar. Bu proses xüsusilə Ermənistanın xarici siyasət kursu və regional kommunikasiya layihələri üzərində özünü göstərəcək. Eyni zamanda, enerji təhlükəsizliyi və Orta Dəhliz layihəsinin əhəmiyyəti artdıqca Cənubi Qafqazın geostrateji çəkisi də yüksələcək.

“Əgər region ölkələri balanslı siyasəti qoruya bilsələr, bu rəqabət investisiya və əməkdaşlıq imkanlarını genişləndirə bilər. Əks halda isə böyük güclərin qarşıdurması yeni siyasi gərginliklər və təhlükəsizlik riskləri yarada bilər”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

03 Iyun 2026