Rusiya Ukraynada təxribatlarını, müharibə cinayətlərini davam etdirir. Türkiyəyə məxsus “Orinda” gəmisi Ukraynada PUA tərəfindən atəşə tutulub.
Bakıvaxtı.az xəbər verir ki, hücum nəticəsində gəmidə yanğın baş verib. Hadisə zamanı 16 nəfərlik heyət təxliyə olunub. Məlumata görə, xəsarət alan olmayıb. Bildirilir ki, ekipaj üzvlərinin səhhəti yaxşıdır və yanğın dənizdə nəzarət altına alınıb.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Natiq Miri deyib ki, Rusiya bütün sahələr üzrə böhran dövrünə qədəm qoyub.
Onun sözlərinə görə, ABŞ-nin Rusiyanın əsas gəlir mənbəyi olan sahələrinə, neft-qaz sektoruna, “Rosneft” və “Lukoyl” şirkətlərinə sanksiya tətbiq etməsi Moskvanı çətin duruma salıb:
"Rusiyanın neft emalı zavodlarına Ukrayna ordusu və kəşfiyyatı tərəfindən zərbələr vurulur. Rusiyanın hərbi-sənaye kompleskinə aid olan müəssisələrə də ciddi zərər vurur. Bu da Rusiyanın ixrac imkanlarını, ələlxüsus neftlə bağlı ixrac imkanlarını məhdudlaşıdırır. Nəticədə büdcədə ciddi maliyyə qıtlığı yaranır. Müharibəni davam etdirmək üçün daha çox vəsaitə ehtiyac duyulur”.
Son rəsmi statistik məlumata istinad edən müsahibimiz Rusiya iqtisadiyyatının böyüməsinin tamamilə dayandığını deyib:
“Bundan sonra mənfi, kiçilməyə doğru gedəcək. Rusiyanın digər infrastrukturları, neft emalı zavodları, elektrik şəbəkələri də Ukrayna ordusu tərəfindən hədəfdədir. Artıq Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib, xarakterini dəyişib. Ukraynanın özünün istehsal etdiyi ballistik raketlər Rusiyanın strateji obyektləri vurulmağa başlanılıb. Hər gün böyük itkilərə məruz qalan Rusiya daha da aqressivləşir. Ona görə də Ukraynada hara gəldi raket atır, bombalayır".

Natiq Miri: Rusiya özünün nüfuz dairəsində saydığı bölgələrdə Türkiyənin güclənməsini istəmir
N.Miriyə görə, vəziyyət o həddə çatıb ki, sadəcə Ukrayna ordusu ilə bacarmayan Rusiya öz sınıq-salxaq ordusu ilə Avropa İttifaqı ölkələrinə də diş qıcayır, hibrid müharibə həyata keçirir:
"Dronlar vasitəsi ilə Avropa Birliyi ölkələrinin sərhədlərini pozur. Türkiyəyə məxsus gəminin Rusiya PUA-sı tərəfindən hədəf alınması da bilavasitə artıq özünə nəzarət edə bilməyən Rusiyanın növbəti aqressiyasıdır. Rusiya hara gəldi, kimə gəldi təpik atır. Çalışır ki, Ukraynaya edilən yardımların önünü kəssin”.
Politoloq Rusiyanın Cənubi Qafqazdan və Mərkəzi Asiyadan sıxışdırıldığını deyir. Onun sözlərinə görə, Orta Asiya ölkələri Rusiya orbitindən kənarlaşırlar:
“Moskvanı narahat edən məqamlardan biri də budur. Rusiya strateji bölgələrdə olan maraqlarını, mövqeyini də itirir”.
Həmsöhbətimiz Azərbaycanda 8 Noyabr - Zəfər Günündə keçirilən hərbi paradda Azərbaycan, Türkiyə və Pakistanın birlikdə güc nümayişinin də Kremli təşvişə sürüklədiyini vurğulayıb:
“Ukraynada Azərbaycan səfirliyinin binasına və eyni zamanda Türkiyə gəmisinə hücum da məhz bundan qaynaqlanır. Rusiya öz narazılığını bu yollarla ifadə edir. Yəni Türkiyə gəmisi təsadüfən vurulmayıb. Bu, qəsdən edilən təxribat və mesajdır. Rusiya özünün nüfuz dairəsində saydığı bölgələrdə Türkiyənin güclənməsini qətiyyən istəmir. Ancaq belə təşəbbüslər Moskva-Ankara münasibətlərini korlaya bilər".
Aydın Baxış
Bakı 




