XXI əsrin beynəlxalq siyasət səhnəsi sürətlə dəyişir. Son beş ildə qlobal güc balansı ciddi transformasiya keçirmiş, ABŞ, Çin və Rusiya arasında intensiv rəqabət formalaşmışdır.
Qərbdən Şərqə doğru sürüşən qlobal güc mərkəzi, iqtisadi inkişaf, texnoloji tərəqqi və Şərqi Asiya ölkələrinin artan siyasi təsiri ilə müşayiət olunur. Bu mürəkkəb multipolyar reallıq fonunda Azərbaycan, strateji coğrafi mövqeyi, zəngin enerji resursları və çevik diplomatiyası sayəsində regional və qlobal arenada getdikcə daha mühüm rol oynamağa başlayıb.
Azərbaycanın xarici siyasəti çoxvektorlu yanaşma, strateji tərəfdaşlıq və milli maraqların qorunması prinsiplərinə əsaslanır. Bakı, Avropa üçün enerji təhlükəsizliyində aparıcı rol oynayaraq, regional inteqrasiyanı gücləndirir; eyni zamanda Türkiyə, ABŞ, Çin, Rusiya və digər güc mərkəzləri ilə balanslaşdırılmış əməkdaşlıq strategiyası həyata keçirir. Enerji diplomatiyası, hərbi-texniki tərəfdaşlıqlar və regional vasitəçilik missiyaları Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas amillərdir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, dünya siyasətində son beş ildə güc balansında mühüm dəyişikliklər baş verib və bu transformasiya xüsusilə ABŞ, Çin və Rusiya arasında intensiv rəqabət formasında özünü göstərir:
"Qlobal güc mərkəzinin Qərbdən Şərqə doğru getdikcə daha çox sürüşməsi XXI əsrin dominant fenomeni olaraq müşahidə olunur və bu proses iqtisadi artım, texnoloji inkişaf və Şərq Asiya ölkələrinin artan siyasi təsiri ilə stimullaşdırılır. Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı kimi bu dəyişiklikdə mərkəzi rol oynayır və 2025-ci ildə Global Soft Power İndeksində ikinci yerə yüksələrək ilk dəfə Böyük Britaniyanı keçmişdir. Eyni zamanda, dünya bipolyar rəqabətdən unipolyar Amerikan hökmranlığına və sonra XXI əsrin daha mürəkkəb multipolyar reallığına doğru transformasiya keçirir".
Onun sözlərinə görə, dəyişən beynəlxalq kontekstdə Azərbaycan özünün unikal coğrafi mövqeyi, enerji resursları və məharətli diplomatiyası ilə regional və qlobal arenada getdikcə daha mühüm rol oynamağa başlayıb:
"Azərbaycanın xarici siyasəti ABŞ, Çin və Rusiya arasında formalaşan yeni güc balansına son dərəcə bacarıqlı şəkildə uyğunlaşır. Bakı çoxvektorlu xarici siyasət strategiyası həyata keçirərək strateji müstəqillik və praqmatik tərəfdaşlıq arasında tarazlığı qoruyur. Azərbaycan Avropa üçün əsas enerji təchizatçısı rolunu möhkəmləndirməklə Cənubi Qaz Dəhlizi vasitəsilə geosiyasi əhəmiyyətini artırıb və bu, Avropanın qaz təchizatını şaxələndirmə cəhdləri fonunda Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin güclənməsinə təkan verib. Eyni zamanda, Azərbaycan Türkiyə ilə münasibətlərini dərinləşdirmiş, ortaq etnik və mədəni bağlar əsasında hərbi əməkdaşlıq möhkəmləndirilmişdir".
Həmsöhbətimiz qeyd edib ki, Çinlə iqtisadi əməkdaşlıq genişlənir və Azərbaycan Orta Dəhliz layihəsində mühüm tranzit mərkəzinə çevrilir. Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün heç bir tək qüvvəyə tam asılılıq yaratmadan çoxsaylı strateji tərəfdaşlıqlar qurur:
"Birinci və ən əhəmiyyətli müttəfiq Türkiyədir - ikitərəfli münasibətlər "bir millət, iki dövlət" prinsipi əsasında qurulmuşdur və hərbi-texniki əməkdaşlıq, birgə təlimlər və müdafiə sənayesi sahəsində inteqrasiya bu tərəfdaşlığın əsasını təşkil edir. İkincisi, Azərbaycan NATO ilə tərəfdaşlıq proqramında iştirak edir və Qərblə konstruktiv münasibətlər qurur. Üçüncüsü, ABŞ ilə strateji əməkdaşlıq enerji təhlükəsizliyi, regional sabitlik və sülh prosesləri kimi sahələrdə inkişaf etdirilir. Dördüncüsü, İsraillə əməkdaşlıq uğurla davam edir. Beşincisi, Azərbaycan Mərkəzi Asiya respublikaları ilə münasibətləri genişləndirir və Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu üçün müraciət edib. Bu çoxvektorlu yanaşma Azərbaycanın təhlükəsizliyinin təkcə hərbi gücə deyil, eyni zamanda diplomatik məharətə və iqtisadi inteqrasiyaya əsaslandığını göstərir".

Tural İsmayılov: XXI əsrin multipolyar dünyasında kiçik və orta dövlətlər üçün Azərbaycan modeli nümunə təşkil edir
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan enerji resurslarını diplomatik güc vasitəsi kimi istifadə etməkdə müstəsna uğur qazanıb və bu sahədə əsl enerji diplomatiyası modelini formalaşdırıb. Cənubi Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və 2024-cü ildə Azərbaycan 11,7 milyard kubmetr təbii qazı Avropa ölkələrinə ixrac edib - İtaliya, Yunanıstan, Bolqarıya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya və Xorvatiya azərbaycan qazı satın alır:
"Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji böhranı zamanı Azərbaycan tərəfdaşlarının enerji təhlükəsizliyini dəstəkləyib və gələcəkdə də dəstək verməyə hazır olduğunu nümayiş etdirib. Azərbaycan eyni zamanda yaşıl enerji strategiyasını inkişaf etdirir və ölkəni regionda "yaşıl enerji mərkəzinə" çevirməyi hədəfləyir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək Azərbaycanın enerji identikliyinin karbon əsaslı modeldən bərpa olunan enerji və iqlim əməkdaşlığına inteqrasiya olunmuş sistemə doğru inkişaf etdiyini nümayiş etdirdi. Bu mürəkkəb geosiyasi mühitdə Azərbaycan 2020-ci ildə ərazilərini azad etdikdən sonra özünə inam və qətiyyətlə çıxış edir. Bakı heç bir xarici güvvəyə tam asılılıq yaratmadan öz milli maraqlarını müdafiə edir və regionda aparıcı oyunçuya çevrilir. Türkiyə-İsrail, Türkiyə-Rusiya kimi tarixi rəqiblərin arasında vasitəçilik missiyasını uğurla icra edən Azərbaycan indi Suriya-Qərb və Suriya-İsrail dialoqu üçün də platforma təqdim edir. Bu, Bakının yalnız regional mərkəz deyil, qlobal barışdırma meydanına çevrildiyini göstərir və ABŞ və İsrailin belə görüşlər üçün Körfəz ölkələri və ya Avropa deyil, Qafqazdakı vacib paytaxtı-Bakını seçməsi beynəlxalq diplomatiyada yeni reallığı əks etdirir".
Müsahibimiz onu da qeyd edib ki, Azərbaycan dünya siyasətində güc balansının dəyişdiyi bu kritik dövrdə özünün strateji coğrafiyasını, enerji resurslarını və diplomatik məharətini maksimum dərəcədə səfərbər edərək regional və qlobal arenada nüfuzunu artırmağa davam edir.
"Çoxvektorlu xarici siyasət, enerji diplomatiyası vasitəsilə "soft power" yaratma, hər bir qüvvə mərkəzi ilə konstruktiv münasibətlər qurma və eyni zamanda tam müstəqillik mövqeyini qoruma Azərbaycanın uğurunun əsas açarlarıdır. XXI əsrin multipolyar dünyasında kiçik və orta dövlətlər üçün Azərbaycan modeli nümunə təşkil edir - güclü dövlətlər arasında tarazlığı saxlayaraq öz milli maraqlarını ən yüksək səviyyədə təmin etmək və beynəlxalq arenada hörmətlə qarşılanan, etimadlı tərəfdaş kimi tanınmaq mümkündür",- Tural İsmayılov fikrini yekunlaşdırıb.
Əli Hüseynov
Bakı 




