Rəqəmsal texnologiyaların inkişafı ilə uzaqdan iş modeli əmək bazarının mühüm elementlərindən birinə çevrilib. Bu model həm işəgötürənlər, həm də işçilər üçün yeni imkanlar yaratmaqla yanaşı, iqtisadi və sosial müstəvidə müxtəlif müzakirələrə səbəb olur.
Xərclərin optimallaşdırılması, işçi qüvvəsinə çıxış imkanlarının genişlənməsi və əmək məhsuldarlığı kimi məsələlər uzaqdan iş modelinin üstünlükləri sırasında göstərilir.
Digər tərəfdən, bu iş formasının ənənəvi əmək bazarına, xidmət sektoruna və şəhərlərin inkişaf dinamikasına necə təsir etdiyi də müzakirə mövzusudur. Bəzi ekspertlər uzaqdan işin regionlarda yaşayan insanların məşğulluq imkanlarını artırdığını qeyd etsələr də, digərləri bunun müəyyən iqtisadi risklər yarada biləcəyini düşünür.
Bəs uzaqdan iş modelinin iqtisadiyyata təsiri nədir? Əmək bazarında bu modelə ehtiyac nə qədərdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında iqtisadi ekspert Razi Abasbəyli bildirib ki, uzaqdan iş modeli əmək bazarında daha effektiv və iqtisadi cəhətdən səmərəli hesab edilən mexanizmlərdən biridir. Onun sözlərinə görə, bu modelin bir sıra üstünlükləri mövcuddur:
“İlk növbədə, işçilər gündəlik nəqliyyat, qidalanma və iş yerinə yaxın ərazilərdə yaşayış xərclərinə qənaət edə bilirlər. İşəgötürənlər də müəyyən üstünlüklər əldə edirlər. Şirkətlər ofis icarəsi, kommunal və inzibati xərclərdən qismən azad olur, eyni zamanda daha geniş coğrafiyada kadr axtarmaq imkanı qazanırlar. Nəticədə müəyyən dərəcədə urbanizasiya proseslərinə təsirlər ortaya çıxır. Kiçik şəhər və rayonlardan paytaxta köç etməyə ehtiyac azalır. İnsanlar istənilən bölgədə yaşayaraq uzaqdan işləyə və fəaliyyətlərini davam etdirə bilirlər. Bu isə böyük şəhərlərdə məskunlaşma tempinin zəifləməsinə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, uzaqdan iş modelinin mənfi tərəfləri də mövcuddur. Belə ki, xüsusilə iri şəhərlərdə fəaliyyət göstərən ofislər, restoranlar, kafelər və digər xidmət sahələri müştəri sayının azalması ilə üzləşə bilərlər:
“Digər tərəfdən, yeni kadrların hazırlanması və mentorluq imkanları məhdudlaşır. Praktiki iş mühitində təcrübə qazanmaq və peşəkar inkişaf prosesi çətinləşir. Bundan əlavə, komanda şəklində işləmək, kollektiv şəkildə innovativ ideyalar formalaşdırmaq və ortaq uğurlar əldə etmək imkanları da zəifləyə bilər. Qrafik dizaynerlər, proqramçılar və digər yaradıcı sahələrin nümayəndələri bir məkanda fəaliyyət göstərdikdə daha çox fikir mübadiləsi aparır, yeni təşəbbüslər və innovasiyalar ortaya çıxır. Uzaqdan fəaliyyət isə bu prosesləri müəyyən qədər məhdudlaşdırır”.
Müsahibimiz əlavə edib ki, uzaqdan iş prinsipi ilə çalışanların sayı iqtisadi sistemdə hələ də üstünlük təşkil etmir:
“Son illərdə iqtisadiyyatın rəqəmsallaşması sürətlənsə də, iqtisadiyyat yalnız rəqəmsal xidmətlərdən ibarət deyil. Burada insanların və investisiyaların fiziki hərəkəti də mühüm rol oynayır. Bu gün proqramlaşdırma, mühasibatlıq, tərcümə, müştəri dəstəyi, onlayn təhsil və digər rəqəmsal sahələrdə uzaqdan fəaliyyət göstərmək mümkündür. Lakin bəzi hallarda işlərin ən effektiv icrası yenə də ənənəvi iş mühitində baş verir”.

Razi Abasbəyli: Uzaqdan iş prinsipi ilə çalışanların sayı iqtisadi sistemdə hələ də üstünlük təşkil etmir
Ekspert qeyd edib ki, bu baxımdan uzaqdan iş modelinin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Abasbəyli mənfi tərəflərin daha çox olduğunu düşünür:
“Çünki işəgötürənlər ofis və inzibati xərclərdən, işçilər isə nəqliyyat və yaşayış xərclərindən azad olduqları halda, daşınmaz əmlak bazarında durğunluq yarana bilər. Restoranlar, kafelər, icarə ofisləri və nəqliyyat sektoru müştəri itirə bilər ki, bu da yeni iqtisadi problemlərin yaranmasına səbəb ola bilər”.
Razi Abasbəylinij fikrincə, hazırda bəzi sahələrdə iş yerlərinin azalması, işsizliyin artması və insanların iş tapmaqda çətinlik çəkməsi riski meydana çıxır:
“Bu gün BMT-nin müxtəlif proqramlarında da rəqəmsallaşmanın gələcək təsirləri müzakirə olunur. Milyonlarla insanın texnoloji dəyişikliklər nəticəsində işsiz qalması və bəzi peşələrin sıradan çıxması ehtimalı diqqət mərkəzindədir. Digər tərəfdən, burada tam deurbanizasiyadan danışmaq doğru olmaz. Daha çox suburbanizasiya, yəni insanların şəhər ətrafı ərazilərə yayılması prosesi müşahidə oluna bilər. Azərbaycan üçün isə bu model hələ geniş yayılmış təcrübə hesab edilmir. Buna görə də hazırda ciddi problem yaratdığı düşünülmür”.
Ekspert onu da vurğulayıb ki, Bakıdan rayonlara kütləvi kadr axınının baş verməsi, yaxud mənzil və kirayə bazarında ciddi dəyişikliklərin yaranması ehtimalı yüksək deyil:
“Bununla belə, regionlarda yaşayan gənclərin beynəlxalq şirkətlərdə çalışmaq imkanlarının artması mümkündür. Qlobal miqyasda isə uzaqdan işə götürmə, uzaqdan fəaliyyət və məsafədən idarəetmə modellərinin dünya iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirləri var. Xüsusilə uzunmüddətli perspektivdə bu proseslərin əmək bazarına və iqtisadi aktivliyə təsirləri daha qabarıq şəkildə hiss oluna bilər”.
Sevinc Bağırlı
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 




