İnsanların profilaktik müayinələrdən yayınması cəmiyyətin sağlamlıq davranışları ilə bağlı mühüm məsələlərdən biridir. Müasir tibbin sürətli inkişafına, diaqnostika imkanlarının genişlənməsinə və erkən aşkarlamanın həyat qurtaran roluna baxmayaraq, bir çox insan hələ də mütəmadi tibbi müayinələrə laqeyd yanaşır.
Bu gün profilaktik müayinələr artıq sadəcə xəstəliklərin aşkarlanması vasitəsi deyil, sağlam həyatın qorunması və risklərin vaxtında müəyyən edilməsi üçün vacib addım hesab olunur. Bununla belə, qorxu, vaxt azlığı, maddi səbəblər, məlumatsızlıq və ya özünü sağlam hesab etmə kimi amillər insanların həkim müayinəsindən uzaq durmasına səbəb olur. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, bir çox ciddi xəstəliklər ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edir və yalnız profilaktik yoxlamalar sayəsində vaxtında aşkar edilə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Mətanət Məmmədova bildirib ki, Azərbaycan cəmiyyətində insanların profilaktik müayinələrdən yayınmasının əsas səbəblərindən biri onların öz sağlamlıqlarına həddindən artıq güvənmələridir.
Onun sözlərinə görə, uzun illər fiziki əmək və aktiv həyat tərzi sürən insanların formalaşdırdığı düşüncə bu gün də cəmiyyətdə öz təsirini saxlayır:
"Keçmişdə insanların gündəlik həyatı daha çox hərəkətlilik üzərində qurulduğundan onlar özlərini sağlam hesab edir və tibbi müayinələrə ehtiyac duymurdular. Lakin zaman keçdikcə həyat tərzi dəyişib, texnologiyanın həyatımıza daxil olması fiziki aktivliyi azaldıb, qidalanma vərdişləri və ətraf mühit amilləri isə sağlamlıq risklərini artırıb".

Mətanət Məmmədova: İnsanların mütəmadi check-up müayinələrindən keçməsi vacibdir
M.Məmmədova vurğulayıb ki, həyat şəraitində baş verən dəyişikliklərə baxmayaraq, insanların sağlamlığa münasibəti əvvəlki kimi qalır. Bu səbəbdən bir çox şəxs hələ də özünü sağlam hesab edir və yalnız xəstəlik əlamətləri ortaya çıxdıqdan sonra həkimə müraciət edir.
Həmsöhbətimizin fikrincə, mövcud vəziyyətin dəyişməsi üçün əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir. O hesab edir ki, media və sosial şəbəkələr vasitəsilə profilaktik müayinələrin əhəmiyyəti geniş şəkildə təbliğ edilməli, insanlarda sağlamlığın qorunmasının yalnız xəstəlik zamanı deyil, sağlam görünən dövrdə də vacib olduğu barədə anlayış formalaşdırılmalıdır.
Sosioloq bildirib ki, müasir dövrdə qidalanma, ekoloji amillər və həyat tərzindəki dəyişikliklər nəzərə alınaraq insanların mütəmadi check-up müayinələrindən keçməsi vacibdir. Onun fikrincə, sağlam cəmiyyətin formalaşması üçün profilaktik tibbi müayinələr həyat tərzinin ayrılmaz hissəsinə çevrilməlidir.
Dünya Balakişiyeva
BDU-nun Jurnalistika fakültəsinn IV kurs tələbəsi
Bakı 




