Son dövrlərdə Qafqaz və Mərkəzi Asiya regionunda geosiyasi dinamika sürətlə dəyişir.
Rusiya və Qərb arasındakı strateji rəqabət yeni mərhələyə qədəm qoyub, xüsusilə Zaqafqaziya və Orta Asiyada. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Avrasiya Təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransında verdiyi açıqlama göstərir ki, Moskva Qərbin bu regiondakı təsirini ciddi şəkildə müşahidə edir və onu öz geosiyasi maraqlarına zidd hesab edir.
Lavrovun mesajı sadəcə diplomatik xəbərdarlıq yox, həm də Rusiya üçün strateji niyyətlərin və prioritetlərin göstəricisidir. Rusiya Qərbin Zaqafqaziya və Orta Asiyada dialoq və əməkdaşlıq strukturlarının genişlənməsinə qarşı diplomatik, siyasi və iqtisadi vasitələrdən istifadə edərək cavab verməyə hazırdır.
Eyni zamanda, Qərbin bu regionda əməkdaşlıq təşəbbüsləri Moskva ilə regional ölkələr arasındakı münasibətləri dəyişdirə bilər, onların xarici siyasət seçimlərinə təsir edə və balanslaşdırılmış münasibətlərin formalaşmasına səbəb ola bilər.
Bu kontekstdə Azərbaycanın mövqeyi, həm milli maraqlar, həm də regional sabitliyin qorunması baxımından strateji önəm daşıyır. Azərbaycan öz xarici siyasətini həm Qərblə, həm də Rusiya ilə münasibətləri tarazlaşdıraraq, bölgədə təhlükəsizlik və iqtisadi inkişaf perspektivlərini gücləndirməyə çalışır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zaur Məmmədovun sözlərinə görə, məsələ ondadır ki, Qərb və Rusiya arasında geosiyasi və geoiqtisadi qarşıdurma artıq şərqə doğru irəliləməyə başlayıb:
"Əgər 1990-cı illərdə bu qarşıdurma əsasən Avropadakı keçmiş sosialist bufer zonasına aid idisə, 2000-ci illərin əvvəllərindən etibarən əvvəlcə Baltikyanı ölkələrdə, daha sonra isə Qara dənizin qərb sahillərində, Şərqi Avropa ölkələrində NATO-nun təsirinin genişlənməsinə şahidlik etdik".

Zaur Məmmədov: Böyük və güclü qlobal güclər başa düşməlidirlər ki, onların arasındakı mübarizə milli dövlətlərin maraqlarını tapdalamaq demək deyil
Onun fikrincə, bu, təbii bir prosesdir və hesab edir ki, yaxın gələcəkdə Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində Qərb ilə Rusiya arasında toqquşmaların şahidi olacağıq:
"Qərbin siyasi, hərbi və iqtisadi strukturlarının cəlbediciliyi danılmazdır və bu, Rusiya tərəfindən narahatlıqla qarşılanır. Rusiya mövcud vəziyyətə qarşı çıxır və əlindən gələni edir ki, bu genişlənmə baş verməsin. Biz bununla bağlı Gürcüstan və Ukraynada atılmış addımlara artıq şahid olmuşuq".
Həmsöhbətimiz bildirib ki, Ermənistanda isə müxtəlif səbəblərdən hələlik belə addımlar atılmayıb. Lakin gözlənilən odur ki, Ermənistan və Qazaxıstan istiqamətində də Rusiya təkcə diplomatik, iqtisadi və siyasi deyil, həm də digər vasitələrdən istifadə etmək imkanını nəzərdən keçirəcək. Çünki iqtisadi cəlbedicilik baxımından Qərbin resursları daha böyükdür və siyasi cəlbedicilik baxımından da vəziyyət oxşardır:
"Hər bir halda, böyük və güclü qlobal güclər başa düşməlidirlər ki, onların arasındakı mübarizə milli dövlətlərin maraqlarını tapdalamaq demək deyil. Hər bir suveren milli dövlətin maraqları nəzərə alınmalıdır və bu dövlətlərin siyasi və iqtisadi kriteriyalara cəlbedici şəkildə inkişaf etməsi üçün şərait yaradılmalıdır".
Əli Hüseynov
Bakı 


