Yakutiyada unikal vəziyyətdə qorunub saxlanmış mamont balasının qalıqları aşkar edilib.
Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, sözügedən mamontun geoloji yaşı 50 mindən çoxdur.
Cari ilin yayında Bataqayka kraterində yerli sakinlər tərəfindən aşkar edilən mamont balası Şimal-Şərq Federal Universiteti yanında Mamont Muzeyində nümayiş etdirilib. Yana adı verilən canlının bir il yaşadığı ehtimal edilir.
Alimlərin sözlərinə görə, mamontun bütün orqanları unikal şəkildə qalıb: “Canlının sadəcə bel hissəsi deformasiya olub. Ehtimallara görə, buna səbəb onun belinin üzərinə yıxılması olub. Mamontun ümumi çəkisi 180 kq, hündürlüyü 120 sm-dir. Mamontun qalıqlarının geniş araşdırılması ilə bağlı işlər 2025-ci ilin əvvəlinə planlaşdırılıb”.