Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Zəngəzur dəhlizindən danışıb.
Bakıvaxtı.az-ın məlumatına görə, XİN rəsmisi bildirib ki, Rusiya kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsinə ümid edir. Onun sözlərinə görə, bu marşrutun praktikada necə fəaliyyət göstərəcəyini anlamaq ancaq layihənin konkret detalları ilə tanış olduqdan sonra formalaşa bilər.
Zaxarova regionda kommunikasiyaların açılması ilə bağlı Moskvanın mövqeyini də açıqlayıb:
"Cənubi Qafqazın həyatında, o cümlədən kommunikasiyaların blokdan çıxarılması prosesində regiondan kənar oyunçuların iştirakı, ilk növbədə, region ölkələrinin və bilavasitə onların qonşularının maraqlarına istiqamətlənməlidir".
M.Zaxarova xatırladıb ki, bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır:
"Ermənistan Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanının bir hissəsidir. Cənubi Qafqaz Dəmir Yolu şirkəti Rusiya Dəmir Yollarının törəmə müəssisəsidir ki, Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir. Rusiya sərhədçiləri göstərilən marşrutun keçəcəyi ehtimal edilən ərazidə sərhədi qoruyur".
Deputat Rasim Musabəyov Bakıvaxtı.az-a bildirib ki, Rusiya XİN rəsmisi "Rusiyanın maraqları" deyərkən nəyi nəzərdə tutduqlarını da açıqlayardı.
Deputat bildirib ki, dəhliz işə düşəndən sonra Rusiyanın Türkiyə, Ermənistan, İranla dəmiryol əlaqəsi olacaq:
"Rusiya iqtisadi maraqları nəzərdə tutursa, bunu anlamaq olar. Ancaq Rusiya özünü ortaya soxub, dəhlizə nəzarəti ələ almaq niyyətindədirsə, Moskva bu məsələdən kənardadır. Rusiya düşünür ki, Ermənistan ərazisində dəhlizin keçəcəyi bölgədə rus sərhədçiləri qalacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan isə dəfələrlə vurğulayıb ki, sərhədləri öz əsgərləri qorumalı, mühafizə etməlidir. Artıq rus əsgərləri Zvarnots hava limanının ərazisindən çıxarılıblar. İran-Ermənistan sərhədlərini mühafizə edən rus sərhədçilərin təxminən 60 faizi Ermənistan vətəndaşlarıdır. Yaxın zamanda Ermənistan hökuməti həm İran, həm də Türkiyə ilə sərhədlərə nəzarəti öz əlinə alacaq. Ermənistan yeganə postsovet ölkəsidir ki, indiyədək öz sərhədlərini ayrı dövlətin nəzarətində saxlayıb. Ancaq maraqlısı odur ki, Ermənistanın Rusiya ilə sərhədi yoxdur".
Rasim Musabəyov: Rusiya özünü ortaya soxub, dəhlizə nəzarəti ələ almaq niyyətindədirsə, Moskva bu məsələdən kənardadır
Həmsöhbətimiz qeyd edib ki, sovet dövründə Mehridən keçən dəmiryolu xətti Ermənistan Respublikasının Dəmir Yol İdarəsinə yox, Azərbaycana məxsus idi:
"Orada çalışanlar ermənilər olsa da, maaşı Bakıdan alırdılar. Yəni Mehridən keçəcək dəmiryol xətti həmin dövrdə belə Ermənistana, dolayısı ilə Rusiyaya bağlı olmayıb. Bir tərəfdə Ağbənd, digər tərəfdə Culfa-Ordubad Azərbaycan ərazilədir. Vaxtilə Ermənistan öz dəmiryollarını Rusiya Dəmir Yolları İdarəsinə verdiyi halda sözügedən hissə, yəni Mehridən keçən dəmiryol xətti həmin müqavilədə öz əksini tapmayıb. Ümumiyyətlə, həmin xətt dağıdılmışdı, heç istifadə olunmurdu. Rusiyanın iddiaları olsa da, Moskva bu məsələdən kənardadır. Rusiyanı ən çox narahat edən dəhlizə nəzarət məsələsi və hələlik orada olsa da, aqibəti bəlli olmayan rus sərhədçiləridir".
Aydın Baxış