"İstehsalatda baş verən bədbəxt hadisələrdə və peşə xəstəliklərində müəyyən azalma müşahidə olunur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
Şöbə müdiri bildirib ki, bu sahə hələ də xüsusi diqqət tələb edir, çünki peşə xəstəlikləri spesifik və fərqli yanaşma tələb edən hallardır:
“Tibbi Sosial Ekspertiza komissiyalarının vəzifələrindən biri peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsidir. Lakin bu sahədə konkret və dəqiq meyarların olmaması bizi bu qənaətə gətirdi ki, məsələ kompleks şəkildə tənzimlənməlidir. Tapşırıq da bu məqsədlə verilib və nəticədə geniş bir meyar sənədi – peşə əmək qabiliyyətinin itirilməsi hallarının qiymətləndirilməsi ilə bağlı normativ sənəd hazırlanaraq ortaya çıxıb. Bu sənəd aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, eləcə də sığorta sektorunun nümayəndələri ilə razılaşdırılıb. Çünki məsələ yalnız bir dövlət qurumuna aid deyil, bu, həm də icbari sığorta sisteminə, işəgötürən məsuliyyətinə və sosial müdafiə mexanizmlərinə birbaşa təsir göstərən məsələdir”.
Sabir Qocayev qeyd edib ki, istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə sığorta ödənişləri sığorta şirkətləri tərəfindən həyata keçirilir: “Lakin əgər işəgötürən öz vəzifələrini yerinə yetirməyibsə və işçi sığortalanmayıbsa, bu zaman məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür. Əlilliyi olan şəxslər dövlət büdcəsi hesabına müəyyən dərman vasitələri ilə təmin olunurlar. Siyahı daim yenilənir və aktual preparatlarla zənginləşdirilir. Sanator-kurort yollayışları da əlilliyi olan şəxslər üçün təmin olunur və bu, əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir”.
Şöbə müdiri nəzərə çatdırıb ki, layihə qəbul olunduqdan sonra Nazirlər Kabineti tərəfindən meyar sənədi də təsdiqlənəcək: “Bu meyarlar üzrə proses tam elektronlaşdırılacaq, sənəd sayı minimuma endiriləcək, subyektivlik aradan qaldırılacaq və bütün qiymətləndirmələr obyektiv göstəricilər əsasında aparılacaq”.