"Nestlé" xərcləri azaltmaq üçün qarşıdakı iki il ərzində 16 000 işçini ixtisar etməyi planlaşdırır.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Filip Navratil açıqlama verib.
O, açıqlamasında "Dünya dəyişir və "Nestle" də daha sürətlə dəyişməlidir. Bu, növbəti iki il ərzində işçilərin sayını azaltmaq üçün çətin, lakin zəruri qərarlar qəbul etmək deməkdir", sözlərini söyləyib.
Baş direktor bildirib ki, "Nestle" 2027-ci ilə qədər müxtəlif regionlar üzrə 12 000 müştəri xidməti mütəxəssisini ixtisar etməyi planlaşdırır. Bu, şirkətə hər il təxminən 1,2 milyard dollar qənaət etməyə imkan verəcək. Bundan əlavə, istehsal və təchizat zəncirinin səmərəliliyini artırmaq üçün şirkət daha 4000 nəfəri ixtisar etməyi planlaşdırır.
Qeyd edək ki, "Nestle" İsveçrənin çoxmillətli qida şirkətidir. Baş ofisi İsveçrənin Vevey şəhərində yerləşən "Nestle" brendlərinə "KitKat", "Maggi", "Nesquik" və "Nestea" daxildir.
Gülşən Şərif