• Bakı 15° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Avropa İttifaqı-ABŞ ticarət oyunu yenidən yazılır – AÇIQLAMA

DÜNYA

15 Noyabr 2025 | 11:22

Avropa İttifaqı-ABŞ ticarət oyunu yenidən yazılır – AÇIQLAMA

Avropa İttifaqı yay aylarında əldə olunan ticarət sazişinin növbəti mərhələsini ABŞ-a təqdim etməyə hazırlaşır. “Bloomberg”in məlumatına görə, yeni plan əsasən idxal rüsumları, Avropa məhsullarının ABŞ bazarına giriş imkanları və rəqəmsal ticarət qaydalarının strukturlaşdırılmasını əhatə edir.

Bu çərçivədə, Aİ-nin ABŞ-dən çiplər və mayeləşdirilmiş qaz alışı ilə bağlı nəzarət mexanizmlərinin yaradılması da nəzərdə tutulur ki, bu da iki tərəf arasında enerji və texnologiya əməkdaşlığının dərinləşdiyini göstərir.

Qeyd edək ki, avqustun 1-dən ABŞ Avropa mallarının 75%-nə 15% rüsum tətbiq edəcək və bu addım Tramp administrasiyasının əvvəl planlaşdırdığı 30%-lik tarifdən daha yumşaq variant sayılır. Aİ isə qarşılığında ABŞ mallarına əlavə tarif tətbiq etməyəcəyini bildirib və bunun əvəzində Rusiya enerji resurslarından tam imtina edəcəyini, ABŞ iqtisadiyyatına yüz milyardlarla dollar sərmayə yatıracağını bəyan edib. Bütün bunlar transatlantik əlaqələrdə yeni iqtisadi asılılıq modellərinin formalaşdığını göstərir.

Bu mövzuda Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Ruslan Zəngəzur bildirib ki, yeni ticarət planı Aİ ilə ABŞ arasında iqtisadi əlaqələrin daha strukturlaşdırılmış və qarşılıqlı asılılığa əsaslanan mərhələyə keçdiyini göstərir. Bu addım transatlantik iqtisadi blokun möhkəmləndirilməsi və qlobal rəqabətdə Çin kimi güclərə qarşı birgə mövqe formalaşdırmaq məqsədi daşıyır. Onun dediyinə görə, rəqəmsal ticarət və texnoloji sektorun ayrıca qeyd edilməsi tərəflərin gələcək iqtisadiyyatına fokuslanır. ABŞ-nin Avropa məhsullarına rüsum tətbiq etməsi bir müddət gərginlik yaratsa da, Aİ-nin cavab olaraq tarif tətbiq etməməsi əməkdaşlıq xəttini qorumaq istəyini göstərir. Enerji və çip bazarında əməkdaşlığın dərinləşməsi tərəflər arasında strateji yaxınlaşmanı daha da gücləndirəcək. Ümumiyyətlə, Aİ bu planla ABŞ ilə münasibətlərin rəqabətdən daha çox tərəfdaşlığa əsaslanmasını istəyir.

Müsahibimiz hesab edir ki, bu nəzarət mexanizmi Aİ-nin kritik texnologiyalar və enerji resurslarının təchizatında riskləri minimuma endirmək istəyindən irəli gəlir:

“Çip bazarı hazırda qlobal iqtisadiyyatın ən strateji sektorlarından biridir və Aİ ABŞ-dən təchizatın etibarlılığını artırmağa çalışır. Mayeləşdirilmiş qaz üzrə nəzarət isə Avropanın Rusiya qazından tam imtina planının praktik icrası üçün vacibdir. Bu mexanizm Aİ-yə enerji təchizatını planlaşdırmaqda daha çox çeviklik və təhlükəsizlik təmin edəcək. ABŞ üçün isə bu, həm iqtisadi gəlir, həm də Avropanın enerji asılılığının Vaşinqtona yönəlməsi baxımından üstünlükdür. Nəticədə, hər iki tərəf üçün strateji əməkdaşlıq daha dayanıqlı modelə çevrilir”.

Vaşinqtonun avqustdan tətbiq etdiyi 15%-lik rüsumun transatlantik ticarətə təsirinə gəlincə. R.Zəngəzur deyib ki, bu rüsum əvvəl planlaşdırılan 30%-lik tariflə müqayisədə daha yumşaq olsa da, yenə də Avropa şirkətləri üçün əlavə xərc yaradır. Xüsusən avtomobil, sənaye avadanlıqları və yüngül sənaye məhsullarında rəqabət qabiliyyəti müvəqqəti zəifləyə bilər. Onun sözlərinə görə, bununla belə, Aİ-nin ABŞ mallarına qarşılıq tarif tətbiq etməməsi ticarət qarşıdurmasının böyüməsinin qarşısını alır:

“Bu addım tərəflərin daha çox dialoq və razılaşma yolunu seçdiyini göstərir. Aİ-nin Tramp administrasiyası ilə kompromisə getməsi ümumi iqtisadi sabitliyi qorumaq məqsədi daşıyır. Uzunmüddətli perspektivdə rüsumların təsiri əməkdaşlıq paketlərinin həcmi ilə neytrallaşdırıla bilər”.

“Aİ-nin Rusiya enerjisindən tam imtina edib ABŞ iqtisadiyyatına yüz milyardlarla dollar sərmayə yatırmağı öhdəsinə götürməsi hansı geosiyasi dəyişiklikləri işarə edir” sualına cavab verən iqtisadçı ekspert bildirib ki, bu öhdəlik Avropanın Rusiya ilə enerji asılılığını tamamilə aradan qaldırmaq strategiyasının ən kəskin mərhələsidir. Aİ-nin ABŞ enerji bazarına keçməsi təkcə iqtisadi deyil, həm də siyasi yaxınlaşmanın dərinləşməsi deməkdir:

“Bu addım ABŞ-yə Avropanın enerji təhlükəsizliyi üzərində daha çox təsir imkanı yaradır. Avropa isə bunun müqabilində siyasi və təhlükəsizlik baxımından Vaşinqtonun dəstəyinə daha çox güvənəcək. Rusiya üçün bu, Avropa bazarının tam itirilməsi və qlobal enerji xəritəsində mövqelərin dəyişməsi anlamına gəlir. Ümumilikdə, bu proses qlobal güc balansında ABŞ-Aİ tandeminin mövqeyini gücləndirir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

14 Noyabr 2025