Xəbər verdiyimiz kimi,Bakı şəhərində taksi icazələrinin sayı tənzimlənir.
Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edilib.
Bəs, bu qərar keyfiyyətə necə təsir göstərəcək?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu kvota, əslində, lisenziyaların sayını tənzimləmək və nəqliyyat sektorunda keyfiyyətli xidmətin təmin olunmasına nail olmaq məqsədi daşıyır.
A.Əsədovun sözlərinə görə, hazırkı vəziyyətə baxdıqda görürük ki, ümumilikdə verilən lisenziyalar və fəaliyyət göstərən avtomobillərin sayı bu kvotanı hələ keçməyib:
“Təxminən 20 minə yaxın lisenziya aktivdir, yəni 25 min kvota hələ dolmayıb. Bu isə o deməkdir ki, ehtiyac yaranacağı təqdirdə kvota 30 minə, hətta 40-50 minə qədər artırıla bilər”.
Aslan Əsədov, nəqliyyat məsələləri üzrə ekspert
Ekspert qeyd edib ki, hazırkı mərhələdə kvotanın tam dolmaması sektorda potensialın hələ böyük olduğunu göstərir. Müsahibimiz əlavə edib ki, yeni verilən icazələr çərçivəsində taksilərin yenilənməsi, müasir standartlara cavab verən avtomobillərin istifadəyə verilməsi və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulur:
“Bu prosesdə sürücülərin imtahanlardan keçməsi, təlim kurslarında iştirak etməsi və müvafiq peşə hazırlığına malik olması xüsusi önəm daşıyır. Yalnız bu tələbləri uğurla yerinə yetirən şəxslər fəaliyyətə buraxılır”.
25 min kvotanın az rəqəm olmadığını deyən ekspert hesab edir ki, bu say paytaxtda və regionlarda gündəlik sərnişindaşıma tələbatını böyük ölçüdə qarşılaya bilər. A.Əsədov onu da vurğulayıb ki, gələcəkdə artan tələbat və yeni mərhələlər nəzərə alınaraq bu limitin genişləndirilməsi gözləniləndir:
“Ümumilikdə, taksilərin sayına qoyulan kvota nəqliyyat sektorunda nizam-intizam yaratmaq, keyfiyyəti artırmaq və sərnişindaşımada müasir tələblərə cavab verən sistem formalaşdırmaq baxımından müsbət addımdır”.
Mina Mikayılova